Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi Bundestaqa etiraz məktubu göndərmişdir
Bakı, 30 sentyabr (AZƏRTAC). Almaniya Bundestaqının deputatı Yürgen Klimkenin Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa qeyri-leqal səfəri Azərbaycan ictimaiyyətinin, eləcə də Almaniyada yaşayan azərbaycanlıların narazılığına səbəb olmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi Bundestaqa etiraz məktubu ünvanlamışdır. Məktubda deyilir: “Almaniya Bundestaqının deputatı Yürgen Klimkenin bu addımı BMT və Avropa Parlamenti tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyən qətnamələrə ziddir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu regiona edilən bütün səfərlər Azərbaycan müvafiq qurumları tərəfindən tənzimlənməlidir”.
Məktubda, həmçinin qeyd edilir ki, Yürgen Klimkenin Dağlıq Qarabağa qanunsuz səfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan Almaniya Federativ Respublikasının da siyasətinə ziddir. Deputatın heç bir ölkə tərəfindən tanınmamış “qondarma respublikanın qondarma hökumət başçısı” ilə görüşü, nəinki beynəlxalq hüquq normalarının pozulması, təcavüzkarlara bəraət qazandıran bir hərəkət, eləcə də Avropa İttifaqının, ümumiyyətlə, beynəlxalq qüvvələrin münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı siyasətə qarşı atılan bir addım kimi qiymətləndirilə bilər. Bu isə Cənubi Qafqazda mürəkkəb münasibətləri daha da gərginləşdirir və sülh danışıqlarına zərbə vurur.
Koordinasiya Mərkəzi Almaniyada yaşayan azərbaycanlılar adından bu cür təhrikedici hərəkətlərin gələcəkdə qarşısının alınmasının zəruriliyini vurğulayır və hesab edir ki, belə nəzarət Azərbaycanın Avropa ölkələri, xüsusilə də Almaniya ilə münasibətlərinin daha da inkişafına yardım etmiş olar.