Almaniya iqtisadiyyatı 2022-ci ili yaxşı nəticələrlə başa vurub
Berlin, 5 yanvar, AZƏRTAC
2022-ci ildə Amerika kapitalı Almaniya iqtisadiyyatına əsas investor mövqeyini qoruyub saxlayıb.
AZƏRTAC Avropa İttifaqının işgüzar nəşrləri tərəfindən aparılmış monitorinqin nəticələrinə istinadla xəbər verir ki, hətta dərin enerji böhranı ilində də Almaniya xarici investorlar üçün yüksək cəlbedicilik reytinqini saxlaya bilib. Ötən il belə investorlar arasında Amerika şirkətləri daha fəal olub.
Bəzi nəşrlər Almaniyanın sənaye istehsalının okeanın o tayına miqrasiya edəcəyini proqnozlaşdırsalar da, enerji qiymətlərinin yüksək olması Almaniya iqtisadiyyatında sənayesizləşməyə gətirib çıxara bilməyib. Əksinə, dolların avro ilə müqayisədə yüksək məzənnəsi Aİ-nin ən iri iqtisadiyyatına Amerikadan investisiya kapitalı axınını stimullaşdırıb.
AFR-də ən mühüm xarici investorların siyahısında Amerika şirkətlərindən sonra ikinci yeri Britaniya firmaları tutub. Düzdür, bu fərq yüksək olub. Ekspertlər bu vəziyyəti Brexit ilə izah edirlər. Məsələ burasındadır ki, Aİ üzvü olan bir ölkədə işləyən şirkətlər üçün qitənin bütün daxili bazarı əlçatan olur. Avropa İttifaqında ikinci ən böyük iqtisadiyyat Fransaya məxsusdur. Fransa kapitalı Dumanlı Albiondan sonra AFR-in ikinci əsas tərəfdaşıdır.
2022-ci ildə Almaniya bazarında 1806 xarici şirkət qeydə alınıb. Bu, son 12 ildə rekord göstəricidir. Xarici şirkətlərin innovasiya sahələrinə marağı yüksək səviyyədə qalır. Buraya mikroprosessorlar və yarımkeçiricilər istehsalı, elektromobillər üçün akkumulyator batareyalarının istehsalı və emalı aiddir.
2022-ci ildə Köln “Ford” firmasının elektromobillərinin ən iri istehsalçısı olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin