Almaniya nümayəndə heyəti “Təmiz Şəhər” ASC-də olmuşdur
Bakı, 19 may (AZƏRTAC). Mayın 19-da İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC, AZPROMO, Dünya Bankının, eləcə də Bakıda səfərdə olan Almaniya Federativ Respublikasının İqtisadiyyat və Enerji Federal Nazirliyinin əməkdaşlarının və ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması, təkrar istehsal, sənaye tullantıları kimi sahələri təmsil edən nümayəndələrinin iştirakı ilə “Azərbaycanda ətraf mühitin mühafizəsi, tullantıların təkrar emalı, sənaye tullantıları” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Təmiz Şəhər” ASC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev Bakıda tullantıların idarə edilməsi zamanı ətraf mühitin mühafizəsinə və ekologiyanın qorunmasına xüsusi diqqətin göstərildiyini vurğulamışdır. S.Zeyniyev həmçinin “Təmiz Şəhər” ASC-nin bu sahədə həyata keçirdiyi işlər barədə məlumat vermişdir.
Cəmiyyətin Layihələrin idarəedilməsi və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov təqdimatla çıxış edərək, Bakı şəhərində tullantıların idarəedilməsi sahəsində əldə olunmuş uğurlar və həyata keçirilməkdə olan layihələr barədə məlumatları iştirakçıların diqqətinə çatdırmışdır.
Dəyirmi masa çərçivəsində iki ölkə arasında Azərbaycanda tullantı sularının, eləcə də tullantıların idarə olunması mövzusunda fikir mübadiləsi aparılmış və bu sahədə əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Tədbir çərçivəsində Almaniya nümayəndə heyətinin Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarına səfəri təşkil edilmişdir. Nümayəndə heyəti zavodların iş prosesi ilə əyani şəkildə tanış olmuş, Bakıda tullantıların idarəedilməsi sahəsində qısa zamanda əldə olunan irəliləyişləri nümayiş etdirən filmi izləmişlər.