ALMANİYADA AZƏRBAYCAN HAQQINDA YALAN MƏLUMATLARIN YAZILDIĞI COĞRAFİYA DƏRSLİKLƏRİ DƏYİŞDİRİLMİŞDİR
Berlində fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İinstitutu Almaniyanın Təhsil və Mədəniyyət nazirliklərinə, Məktəb Senatorluğuna müraciət edərək Azərbaycan həqiqətlərinin saxtalaşdırıldığı dərsliklərin dəyişdirilməsini tələb etmişdi.
Yeni dərsliyin təkrar hazırlanmasına böyük maliyyə vəsaiti tələb olunduğu üçün əvvəlcə bu işdən imtina edən “Vestermann” nəşriyyatı N.Gəncəvi adına Mədəniyyət İnstitutunun təkidini və Almaniyanın Mədəniyyət və Təhsil nazirliklərindən, habelə Məktəb Senatorluğundan dərsliyin dəyişdirilməsinin gərəkliliyi barəsində məktubları nəzərə alaraq qərarını dəyişmişdi.
Cari ilin mayında nəşriyyat yeni dərsliyin çapda olması barədə instituta məktub göndərmişdir. Bir neçə gün öncə isə nəşriyyatın baş redaktoru Markus Berger Azərbaycan həqiqətləri ilə bağlı bütün yalan informasiyaların çıxarıldığı yeni dərsliyin artıq məktəblərə paylandığını bildirmişdir.