Almaniyada daha bir HƏMAS üzvü saxlanılıb
Berlin, 12 noyabr, AZƏRTAC
Almaniyada HƏMAS-ın üzvü olmaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, saxlanılan şəxs Almaniyada və Avropanın digər ölkələrində İsrail və ya yəhudi qurumlarına qarşı silahlı hücumlar planlaşdıran qruplaşmaya silah təmin etməkdə şübhəli bilinir.
Prokurorluq bildirib ki, Livanda anadan olmuş şübhəli şəxs bu ilin avqustunda Almaniyada bir avtomatik tüfəng, səkkiz tapança və 600-dən çox güllə əldə edib. Daha sonra bu silahları Berlində artıq həbsdə olan digər HƏMAS üzvünə çatdırdığı müəyyənləşdirilib.
Danimarka polisi də Kopenhagen və onun ətrafında saxlanılan şəxsin, eləcə də başqa bir şübhəlinin yaşadığı ünvanlarda axtarışlar aparıb.
O, Çexiyadan Almaniyaya daxil olarkən saxlanılıb. Saxlanılan şəxs xarici terror təşkilatına üzv olmaqda ittiham edilir.
Xatırladaq ki, bu ilin oktyabrında Almaniyada HƏMAS-ın üzvü olmaqda şübhəli bilinən üç nəfər saxlanılıb. Onların da Almaniyada avtomatik tüfəng, tapançalar və sursat əldə etdikləri, bu silahların İsrail və yəhudi obyektlərinə qarşı mümkün hücumlarda istifadə edilməsinin planlaşdırıldığı bildirilmişdi. Bundan əvvəl Avstriyanın Dövlət Təhlükəsizlik və Kəşfiyyat Xidməti (DSN) Vyanada aparılan əməliyyat zamanı HƏMAS-ın xarici əməliyyat strukturlarına məxsus silah anbarı aşkarlamışdı. Axtarışlar zamanı beş tapança və on patron darağı ələ keçirilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin