Almaniyada keçirilən konfransda Azərbaycanın uğurlarından bəhs edilib
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutunun təşkilatçılığı ilə Almaniyada konfrans keçirilib.
Şuradan AZƏRTAC-a verilən məlumata görə, konfransda Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, siyasi ekspertlər, iqtisadi araşdırma mərkəzlərinin nümayəndələri, QHT rəhbərləri, media qurumlarının təmsilçiləri iştirak ediblər. Toplantının məqsədi ölkəmizin son illərdə sosial, iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlar haqqında Almaniya ictimaiyyətini dolğun və düzgün informasiya ilə təmin etmək olub.
Konfransda çıxış edən Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutunun sədri Matias Dornfelt tədbir iştirakçılarının diqqətini ölkəmizdə səmərəli idarəetmə və elektron hökumət sahələrində həyata keçirilən müsbət islahatlara cəlb edib. O, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin nümunəvi model olduğunu deyib. Təşkilatın sədri “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsədin şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, əhalinin sosial problemlərinin səmərəli həlli və inzibati sahədə səmərəliliyin artırılması olduğunu vurğulayıb. M.Dornfelt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolunun və yürütdüyü xarici siyasət kursunun təqdiredici olduğunu deyib. O, ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və nəticədə 1 milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycanın ötən illər ərzində bütün sahələrdə əhəmiyyətli inkişafa nail olduğunu qeyd edib.