ALMANİYADA MİLLİ AZLIQLAR BAYRAMI KEÇİRİLMİŞDİR
Bakı, 16 sentyabr (AZƏRTAC). Almaniyanın Maynts şəhərində milli azlıqlar bayramı keçirilmişdir.
Maynts bələdiyyəsinin dəstəyi ilə hər il təşkil olunan bayramın məqsədi bu şəhərdə yaşayan və Almaniyanı özünə ikinci vətən seçən 165 xalqın nümayəndələrinin alman cəmiyyətinə inteqrasiyasını gücləndirmək, millətlərarası anlaşmanı daha da asanlaşdırmaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Maynts Azərbaycan Cəmiyyətinin ölkəmizin təbliği məqsədi ilə yüksək səviyyədə hazırladığı tanıtım lövhəsi digər xalqların təmsilçilərinin böyük marağına səbəb olmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin yardımı ilə təşkil olunan sərgidə Azərbaycanın tarixini, coğrafiyasını, iqtisadi imkanlarını, mədəniyyətini, incəsənətini, turizm resurslarını əks etdirən, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə, işğal altında olan ərazilərimizə, bu torpaqlardan məcburi surətdə köçkün düşmüş insanlara aid kitablar nümayiş etdirilmişdir.
Tədbirdə Maynts Milli Azlıqlar Məclisinin üzvü Ruslana Süleymanova, Frankfurt Azərbaycanlılar Cəmiyyətinin sədri Kəmalə İsgəndərova, Maynts Azərbaycan Cəmiyyəti idarə heyətinin üzvlərindən Ruhan Gök, Annelise Kömür və digərləri ölkəmizlə bağlı daha geniş bilgi əldə etmək istəyən Almaniya vətəndaşlarına Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və milli mətbəxi barədə ətraflı məlumat vermişlər.
Bundan əlavə, “Qarabağ” Azərbaycan milli rəqs qrupunun ifa etdiyi rəqslərimiz də bayram iştirakçılarının alqışları ilə qarşılanmışdır.
Tədbir zamanı Maynts bələdiyyəsinin sədri Yens Boytel, Bundestaq üzvlüyünə namizədlərdən Mixael Hartman və Migel Vicente Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Maynts Azərbaycan Cəmiyyətinin sədri Başar Kömürlə görüşmüş, Azərbaycan ilə Almaniya arasında inkişaf edən əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsində maraqlı olduqlarını bildirmişlər.
######
