Almaniyada psixoterapevt olmaq uzunmüddətli və ciddi hazırlıq tələb edir MÜSAHİBƏ
Bakı, 1 dekabr, Sevda Cəfərova, AZƏRTAC
Bakı Dövlət Universitetində psixologiya üzrə bakalavr və klinik psixologiya üzrə magistr təhsili almış, son iki ildə Almaniyanın Bad Dürrheim şəhərində yerləşən “Median” klinikasında klinik psixoloq kimi çalışan və hazırda psixoterapiya təhsili alan Nigar Ramilova AZƏRTAC-a müsahibə verib. O, Almaniyada psixoloq və psixoterapevt hazırlığı, təcrübə prosesi, eləcə də iki ölkə arasındakı fərqlər barədə fikirlərini bildirib.
– Almaniyada psixoloq və psixoterapevt olmaq üçün tələb edilən təhsil prosesi necədir?
– Almaniyada bu sahədə fəaliyyət göstərmək üçün təhsil prosesi kifayət qədər uzun və ciddi tələblərlə müəyyən edilib. Psixologiya üzrə bakalavriat və magistratura təhsilini tamamlamadan nə klinik psixoloq, nə də psixoterapevt kimi çalışmaq mümkün deyil.
– Psixoterapevt olmaq üçün əlavə tələblər hansılardır?
– Magistratura təhsili psixoterapevt kimi fəaliyyət üçün yetərli deyil. Bunun üçün illərlə davam edən xüsusi psixoterapiya təhsili tələb olunur. Tədrisə nəzəri dərslər, kliniki təcrübə, superviziya, şəxsi terapiya və digər mərhələlər daxildir. Prosesin sonunda dövlət imtahanı verilir və “Approbation” adlı rəsmi lisenziya əldə edilir.
– Siz indi hazırda təhsilin hansı mərhələsindəsiniz?
– Hazırda “Median” psixiatriya və psixosomatika klinikasında praktiki saatlarımı tamamlayıram. Paralel olaraq şəxsi terapiyadan keçir və koqnitiv-davranışyönümlü dərs və seminarlar üzrə təhsilimi davam etdirirəm.
– Almaniya və Azərbaycan təhsil sistemləri arasında hansı əsas fərqlər mövcuddur?
– Almaniyada psixologiya və psixoterapiya hazırlığı standartlaşdırılıb və ciddi nəzarət altındadır. Azərbaycanda isə bəzən universiteti bitirən psixoloqlar əlavə uzunmüddətli təlim almadan psixoterapevt kimi fəaliyyət göstərirlər. Bu isə psixoterapiyanın mahiyyətinə və məsuliyyətinə uyğun deyil.
– Azərbaycanda aldığınız təhsil Almaniyada fəaliyyətinizə necə təsir etdi?
– BDU-da klinik psixologiya üzrə təhsil mənim üçün möhkəm baza formalaşdırdı. Orada əldə etdiyim nəzəri biliklər, psixoloji diaqnostika metodları və praktiki hazırlıq Almaniyada həm dərsləri mənimsəməkdə, həm də klinik şəraitə uyğunlaşmaqda böyük rol oynadı. Bakıda qazandığım praktiki bacarıqlar Almaniyada kliniki işimin ilkin mərhələlərində xüsusilə faydalı oldu.
– Almaniyada hansı psixoterapiya metodlarından istifadə olunur?
– Ölkədə yalnız elmi əsaslı və dövlət tərəfindən təsdiqlənmiş metodlarla işləmək mümkündür. Ən geniş tətbiq olunan metodlar Koqnitiv Davranış Terapiyası, psixoanalitik terapiya və sistem terapiyasıdır. Hər biri üzrə ayrıca uzunmüddətli təhsil və dövlət imtahanı tələb edilir.
– Siz hansı istiqamət üzrə təhsil alırsınız?
– Hazırda Reyn-Eyfel İnstitutunda davranışyönümlü psixoterapiya üzrə təhsil alıram. Bu metod Almaniyada ən geniş yayılmış və elmi cəhətdən ən çox sübut bazasına malik istiqamətlərdən biridir.
– Azərbaycanda psixoterapiya sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?
– Azərbaycanda müxtəlif psixoterapiya metodlarından istifadə olunsa da, rəsmi və uzunmüddətli akkreditə olunmuş psixoterapiya məktəblərinin azlığı əsas problemlərdən biridir. Qısa kurslar və təlimlər peşəkar psixoterapiya hazırlığının bütün tələblərini tam qarşılamır.
– Almaniyada psixoterapiya xidmətlərinə əlçatanlıq hansı səviyyədədir?
– Almaniyada psixoterapiya xidmətlərinin əsas üstünlüyü dövlət və sığorta sisteminin bu xərcləri tam şəkildə qarşılamağıdır. Psixoloji və psixiatrik problemi olan hər kəs sığorta hesabına uzunmüddətli terapiyadan faydalana bilir. Bu modelin Azərbaycanda da tətbiqi sahənin inkişafına ciddi töhfə verə bilər.
– Almaniyada psixoloq və psixoterapevtlər üçün etik kodeks necə tətbiq olunur?
– Etik kodeks və pasiyent məlumatlarının qorunması burada qanunla ciddi şəkildə tənzimlənir. Pasiyentin şəxsi məlumatlarının üçüncü şəxsə paylaşılması qadağandır və belə hallarda lisenziyanın ləğvi daxil olmaqla ciddi hüquqi tədbirlər görülür.
– Azərbaycanda etik nəzarətlə bağlı müşahidələriniz nələrdir?
– Azərbaycanda etik kodeks mövcud olsa da, tətbiqi Almaniyadakı qədər sistemli deyil. Bəzən pasiyent məlumatlarının icazəsiz paylaşılması və sosial şəbəkələrdə etik sərhədlərin pozulması halları müşahidə edilir. Etik nəzarətin gücləndirilməsi peşə nüfuzunun və xidmət keyfiyyətinin artırılmasına xidmət edər.
– Gənc psixoloqlara hansı tövsiyələri verərdiniz?
– Universitet təhsilində verilən nəzəri və praktiki bilikləri dərindən mənimsəmək əsas şərtdir. Qısa təlimlər fundamental hazırlığı əvəz etmir. Gənc mütəxəssislər klinikalarda, psixiatriya şöbələrində və sosial xidmət mərkəzlərində praktiki təcrübəyə üstünlük verməli, təcrübəli mentor və superviziya rəhbərliyi ilə işləməlidirlər.