ALMANİYADA YAŞAYAN AZƏRBAYCANLILAR TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİNİN AÇILMASI XƏBƏRİNDƏN NARAHATDIRLAR
Bakı, 8 aprel (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Almaniyada yaşayan azərbaycanlılar son vaxtlarda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ətrafında gedən söhbətlərdən narahatlıq keçirirlər. Məsələ ilə əlaqədar Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) müraciət qəbul etmişdir.
Sənəddə deyilir ki, tarixi köklərlə bir-birinə sıx bağlı olan iki qardaş ölkənin münasibətlərində belə bir məqamın ortaya çıxması azərbaycanlıları mənəvi cəhətdən gözlənilməz fakt qarşısında qoymuşdur. Ermənistan tarixin bütün dövrlərində Azərbaycan ərazilərinə iddialı olub və sonuncu dəfə 1988-ci ildə başlanan etnik təmizləmə siyasətinin nəticəsi, artıq 20 ilədək həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, torpaqlarımızın işğalı, 1 milyonadək insanın doğma dədə-baba torpaqlarından didərgin düşməsi və başqa faktlar göz qabağındadır. Dağlıq Qarabağ münaqişəsinin ilk günündən Türkiyə qardaş ölkə kimi Azərbaycanın yanında olub və bütün məsələlərdə dövlətimizi dəstəkləmiş, Ermənistanla bütün əlaqələrini kəsmiş, Azərbaycanın işğal altında olan torpaqları azad edilməyincə bu dövlətlə əlaqələrinin bərpa edilməsinin mümkünsüzlüyünü dəfələrlə bəyan etmişdir. Belə bəyanatdan imtina edilməsi Azərbaycan xalqını haqlı narahat edir və bu cür addımlar Türkiyə-Azərbaycan münasibətlərinə zərbə kimi qiymətləndirilir.
Müraciətdə daha sonra qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün strateji mərhələdədir. Məhz indi Türkiyənin belə bir niyyətə düşməsi Azərbaycanın dövlət və milli maraqlarına ziddir.
AAKM bildirir ki, Azərbaycanın Qarabağ münaqişəsinin həllində ən çox ümid bəslədiyi qardaş dövlətin dəstəyinin hətta kənar təzyiqlər sayəsində də olsa, aradan qalxması bu məsələnin həllinə mənfi təsir göstərə bilər. Azərbaycanla tarixi və etibarlı dostluğa belə bir zərbə bağışlanmaz iş olardı.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində təmsil olunan bütün diaspor təşkilatları Türkiyə dövlətinə, siyasətçilərinə, kütləvi informasiya vasitələrinə, elm və incəsənət xadimlərinə, bütün türk qardaş və bacılara müraciət edərək onları sözügedən məsələyə laqeyd yanaşmamağa və Ermənistanla sərhədlərin açılmasına qarşı etiraz səslərini ucaltmağa çağırırlar.