Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi bu ölkənin Bundestaqına etiraz məktubu göndərmişdir
Berlin, 30 sentyabr (AZƏRTAC). Cari ilin sentyabrında Almaniya Bundestaqının üzvü Yürgen Klimkenin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Almaniyada yaşayan azərbaycanlıların da ciddi narazılığına səbəb olmuşdur.
Bununla əlaqədar olaraq Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi Bundestaqa etiraz məktubu göndərmişdir. Məktubda deyilir ki, Yürgen Klimkenin bu səfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsinə dair BMT, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrə zidd hərəkət kimi qiymətləndirilir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu bölgəyə rəsmi Bakının razılığı olmadan hər hansı səfərin həyata keçirilməsi yolverilməzdir.
Məktubda qeyd edilmişdir ki, Almaniya Federativ Respublikasının rəhbərliyi dəfələrlə bu prinsipləri rəsmi şəkildə dəstəkləmiş və Yürgen Klimkenin Dağlıq Qarabağa qeyri-qanuni səfəri öz ölkəsinin də siyasətinə ziddir. Onun heç bir ölkə tərəfindən tanınmamış “qondarma respublikanın qondarma hökumət başçısı” ilə görüşü nəinki beynəlxalq hüquq normalarının pozulması və təcavüzkara bəraət qazandıran bir hərəkət, eləcə də Avropa İttifaqının və ümumiyyətlə, beynəlxalq birliyin münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı siyasətə qarşı atılan addım kimi qiymətləndirilməlidir. Bu isə Cənubi Qafqazda hökm sürən mürəkkəb münasibətləri daha da gərginləşdirir və sülh danışıqlarına zərbə vurur.
Mərkəz Almaniyada yaşayan azərbaycanlılar adından gələcəkdə bu cür təhrikedici hərəkətlərin qarşısının alınmasının zəruri olduğunu vurğulayır və bildirir ki, belə addımların qarşısının alınması Azərbaycan-Avropa, xüsusilə də Azərbaycan-Almaniya münasibətlərinin inkişafına yardım etmiş olardı.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin