ALMANİYANIN KÖLN ŞƏHƏRİNDƏ AZƏRBAYCAN DİASPOR NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Bakı, 15 sentyabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kölndə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) məsul işçiləri ölkənin Şimali Rayn-Vestfallen əyalətinin Köln, Bonn, Düsseldorf şəhərlərindəki Azərbaycan diaspor nümayəndələri ilə görüşmüşlər.
Görüşü AAKM və Köln şəhərində fəaliyyət göstərən Vahid Azərbaycan Cəmiyyəti birgə təşkil etmişdir.
Tədbiri açan Vahid Azərbaycan Cəmiyyətinin sədri Elxan Kərimov Şimali Rayn-Vestfallen əyalətindəki Azərbaycan diasporunun fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Fikrət Axundov diplomatik korpusun bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və Azərbaycan icması ilə əməkdaşlığından danışmış, bu əməkdaşlığı daha da inkişaf etdirməyin önəmli vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır. AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova isə qurumun fəaliyyətindən bəhs etmiş və demişdir ki, belə görüşlərin keçirilməsi vacib və əhəmiyyətlidir. Bu cür tədbirlər Azərbaycanın reallıqlarının və uğurlarının dünyada tanıdılması istiqamətində aparılan fəaliyyətin strategiya və taktikasının qurulmasına kömək edir, qarşılıqlı fəaliyyəti daha da gücləndirir. Azərbaycan səfirliyinin konsulu Elşad Məcidov görüş iştirakçılarının suallarını cavablandırmışdır.
Diaspor nümayəndələri belə bir görüşün təşkili üçün minnətdarlıqlarını bildirmiş, səfirliyin soydaşlarımıza göstərdiyi qayğını yüksək qiymətləndirmişlər.
Görüşdə gələcək birgə layihələr, planlar haqqında da fikir mübadiləsi aparılmışdır.