ALMANİYANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndi.
Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stançina qonaqları salamlayaraq dedi:
- Alman birliyi gününü bizimlə birlikdə bayram etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Düz 16 il əvvəl heç də təkcə bizim həyatımız, almanların həyatı dəyişməmişdir. 1990-cı il siyasi dəyişikliklər dalğasının başlanğıcı olmuşdur. Bu dəyişikliklər nəticəsində Azərbaycan da müstəqillik qazanmışdır. Almaniya Azərbaycanı müstəqilliyinə qovuşduğu vaxtdan dəstəkləyir. İqtisadi inkişafa yardım çərçivəsində Almaniya Azərbaycana 300 milyon avro məbləğində vəsait vermişdir.
Səfir Stançina dedi ki, cari ilin birinci yarısında ölkələrimiz arasında ticarətin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz artmışdır. Azərbaycan tələbələrinə və alimlərinə hər il 500 min avro məbləğində təqaüd ayrılır. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri isə ölkələrimiz arasında münasibətlərin möhkəmləndiyini göstərir.
Diplomat bildirdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı da Azərbaycanın Avratlantik qurumlarına şəksiz inteqrasiyasının rəmzidir. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qəbul iştirakçılarını Almaniyanın birləşməsinin 16-cı ildönümü münasibətilə təbrik etdi və Prezident İlham Əliyevin ən xoş arzularını yetirdi. O dedi: “Azərbaycanın Avropa qonşuluq siyasətində iştirak etməyə hazır olması göstərir ki, ölkəmiz demokratiya, hüquqi dövlət, sərbəst iqtisadi sistem kimi dəyərləri yüksək tutur. Müstəqillik əldə edilməsi ölkələrimizi bir-birindən uzaqlaşdırmadı. Əksinə, ölkələrimizi daha da yaxınlaşdıran tamamilə yeni münasibətlər yaranmışdır”.
Qəbulda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, dini konfessiyaların, ictimaiyyətin və siyasi partiyaların nümayəndələri iştirak edirdilər.