Amazonka meşələri quru mövsümdə yağış yağmasına səbəb olur
Bakı, 25 avqust, AZƏRTAC
ABŞ-ın Kaliforniya Universitetinin alimləri Cənubi Amerikada yerləşən Amazonkanın tropik meşələrindəki bitkilərin quru mövsümlərdə tərləyərək atmosferdəki rütubəti artırmaqla yağışlara səbəb olması fikrini irəli sürüblər.
AZƏRTAC www.nasa.gov saytına istinadla xəbər verir ki, tədqiqatçılar yağışın bitkilərin yarpağındakı nəmin buxarlanması ilə yarandığını söyləyiblər.
Elm adamları cənub yarımkürəsindəki tropik meşələrdə yağıntıların dekabr-yanvar aylarında, Amazonkada isə oktyabrın ortalarında başladığına diqqət çəkiblər. Bu mövsümdə buludların yaranmasının frontal təsirlərlə əlaqəli olmadığını açıqlayan araşdırmaçılar yağışların bölgədə buxarlanma səbəbindən yarandığı fərziyyəsini irəli sürüblər.
NASA-ya məxsus Aura peyki üzərindəki Troposferik Emissiya Spektrometrinin su buxarının ölçülməsi məlumatlarını araşdıran tədqiqatçı qrupu bölgədə quru mövsümdən yağışlı mövsümə keçiddə müşahidə edilən atmosfer nəmliyinin böyük ölçüdə “transpirasiya” adlandırılan bitki tərləməsindən qaynaqlandığını bildirib.
Alimlər “planetimizin ağ ciyərləri” hesab edilən həmin meşələrdəki bitkilərin yarpaqlarının quru mövsümlərdə tərləməsini isə yağışın yağması üçün yerdən 50 kilometr yüksəkdə yerləşən atmosferin troposfer təbəqəsində su buxarı toplamağa çalışması ilə əlaqələndiriblər.