AMEA-nın Yüksək Texnologiyalar Parkında tibbi-profilaktik və dezinfeksiya işləri aparılır
Bakı, 16 mart, AZƏRTAC
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama müvafiq olaraq, infeksiyanın elmi müəssisələrdə yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin artırılması üçün AMEA-nın elmi qurumlarında sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.
Bu məqsədlə AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) da tibbi-profilaktik, dezinfeksiyaedici işlər görülür.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək üçün qurumun buraxılış məntəqəsində hərarətölçən qurğuların istifadəsinə başlanılıb. YT Parka daxil olan şəxslərin hərarəti yoxlanılır, əməkdaşlara koronavirusun yaratdığı fəsadlar və onunla mübarizə üsulları barədə maarifləndirici məlumatlar verilir, eləcə də otaqlarda, konfrans zallarında, dəhlizlərdə, laboratoriyalarda və yeməkxanada dezinfeksiya işləri aparılır.