Amerika Milli Futbol Liqasının birinciliyinin finalında “Tampa-Bey Bakkanirs” qalib gəlib
Vaşinqton, 8 fevral, AZƏRTAC
Fevralın 7-də Florida ştatının Tampa şəhərindəki “Reymond Ceyms Stedium” arenasında ilin əsas matçı keçirilib: Amerika Milli Futbol Liqası birinciliyinin finalında (Superboul) “Tampa-Bey Bakkanirs” və “Kanzas-Siti Çifs” komandaları qarşılaşıb. Bu, liqa tarixində 55-ci final matçı idi.
AZƏRTAC xəbər verir ki, “Super Bowl Sunday” (“Bazar günü Superboulu) uzun illər boyu ABŞ-da milli bayrama çevrilib. Builki finalda “Tampa-Bey Bakkanirs” “Kanzas-Siti Çifs”ə qalib gəlib.
“Tampa-Bey Bakkanirs” Superboulda ikinci dəfə qələbə qazanıb. Həmin klub bundan əvvəl 2002-ci ildə qələbə sevincini yaşamışdı. “Kanzas-Siti Çifs” keçən il həlledici matçda qalib gəlmişdi.
Liqanın administrasiyası sosial məsafə qaydalarına riayət edib və stadionda adamların sayı həmişəki ilə müqayisədə xeyli az idi. Azarkeşlər öz fotoşəkillərini liqanın administrasiyasına göndərib, həmin fotoşəkillər plakatlar formatında çap edilərək stadionun oturacaq yerlərində yapışdırılıb.
“Tampa-Bey Bakkanirs milli futbol liqası tarixində superboulda öz stadionunda oynamış ilk komandadır.
AZƏRTAC-ın Vaşinqton bürosu