AMERİKANIN TÜRK DƏRNƏKLƏRİ ASSOSİASİYASI İLLİK QURULTAYINI KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Amerikanın Türk Dərnəkləri Assosiasiyası (ATAA) Vaşinqtonda illik 28-ci qururltayını keçirmişdir.
Mustafa Kamal Atatürkün xatirəsinin anılması günü ərəfəsinə təsadüf edən toplantı “Cahanda sülh” adı altında təşkil olunmuşdur. Üç günlük qurultay zamanı ABŞ-ın müxtəlif ştatlarında fəaliyyət göstərən türkdilli diaspor təşkilatlarının nümayəndələri icmanın təşkilatlanması və Konqreslə daha sıx və səmərəli iş aparmaq barədə fikir mübadiləsi aparmışlar.
Müzakirələr zamanı ABŞ-Türkiyə münasibətləri, ABŞ Konqresində mütəmadi qaldırılan erməni iddialarına cavab, PKK məsələsi və s. diqqət mərkəzində olmuşdur. İştirakçılar diaspor fəalları sırasına gənclərin cəlb edilməsi yollarını da nəzərdən keçirmişlər.
Qurultayda Azərbaycan diaspor təşkilatlarının nümayəndə heyəti də yaxından iştirak etmişdir. Kaliforniyada fəaliyyət göstərən Amerika- Azərbaycan Şurasının prezidenti Cavid Hüseynov və ABŞ Azərbaycanlıları Şəbəkəsi şurasının üzvü Bədir Məmmədli çıxışlarında ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının son uğurlarından danışmış, Konqreslə təmasların qurulması təcrübəsinə dair fikirlərini bölüşmüşlər.
Qurultayda ilin ən fəal icma üzvlərinə Assosiasiyanın mükafatları təqdim edilmişdir. Onların arasında Azərbaycan diasporunun fəalları, Virciniya ştatında yaşayan Nəimi və Nailə Əmirəliyevlər də vardır. ATAA-nın xüsusi mükafatına layiq görülən həmvətənlərimizin Konqreslə apardıqları səmərəli işin nəticəsində Nümayəndələr Palatasındakı türk və Azərbaycan üzrə işçi qruplarına yeni üzvlər qoşulmuşlar.
Nəimi Əmirəliyev çıxışında Amerikada yaşayan türkdilli icma üzvlərini daha fəal olmağa çağırmışdır. O bildirmişdir ki, ermənilər Azərbaycana qarşı törətdiyi cinayətləri ört-basdır etmək məqsədi ilə Konqresdə “soyqırımı” məsələsini diqqətdə saxlamağa çalışırlar. Ona görə də türkdilli diasporlarımızın üzvləri Konqreslə maarifləndirmə işinin səmərəliliyini daha da artıraraq Dağlıq Qarabağ məsələsi ilə bağlı həqiqətləri ABŞ ictimaiyyətinə çatdırmalı və Amerika cəmiyyətində erməni fundamentalizminin kök atmasına imkan verməməlidirlər.
Nəimi və Nailə Əmirəliyevlər Vaşinqtona səfərləri çərçivəsində Konqresin daha üç üzvü - İvet Klark, C.K.Batterfild və Qreqori Mikslə görüşmüş, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunması, bir milyon soydaşımızınn qaçqın və məcburi köçkün kimi yaşaması barədə onları məlumalandırmış, Konqres üzvlərini Azərbaycanla bağlı işçi qrupuna qoşulmağa çağırmışlar.
######
