Anar Rzayev: Daşıyıcının qazancı “brutto müqavilə”nin şərtlərinə necə riayət etməsindən asılı olacaq
Bakı, 22 sentyabr, AZƏRTAC
“Brutto müqavilə” modeli ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək. Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra istehsal olunan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur.
“Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur”,- deyə o bildirib.
Anar Rzayev “brutto müqavilə” modelinin tətbiqindən sonra gözləntilər barədə məlumat verib: “Daşıyıcının sərnişin axının azalması və ya gediş haqqının ödənilməsindən əldə edilən gəlirlərin məbləğinin dəyişməsi ilə bağlı riskləri aradan qalxacaq. Bu, daşıyıcını gəlirlərini optimallaşdırmaq və ya maksimallaşdırmaq məqsədilə əlavə sərnişinlərin cəlb edilməsi cəhdlərindən çəkindirəcək və yalnız müqavilə şərtlərinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməyə sövq edəcək. Tənzimləyici qurumun təyin etdiyi tələblərə uyğun olan daşıyıcıya daşıdığı sərnişin sayına görə deyil, qət etdiyi məsafəyə, yəni kilometrlərə görə qurum tərəfindən ödəniş ediləcək. Həmçinin daşıyıcının qazancı sərnişin sayından deyil, tənzimləyici qurum ilə bağladığı “brutto müqavilə”nin şərtlərinə necə riayət etməsindən asılı olacağından daşıyıcı xidmət səviyyəsini yaxşılaşdırmaqda və hərəkət qrafikinə əməl etməkdə maraqlı olacaq. Eyni zamanda, tənzimləyici qurum “brutto müqavilə”də öhdəliklərin yerinə yetirilməməsinə görə cərimə sistemi tətbiq etməklə, daşıyıcını yüksək xidmət səviyyəsini saxlamağa təşviq edəcək”.
Anar Rzayevin sözlərinə görə, daşıyıcılar nisbətən gəlirli və gəlirli olmayan marşrutlar arasında seçim etməkdə maraqlı olmayacaq.
“Bu isə şəhərətrafı marşrutlarda da eyni xidmət səviyyəsinin təmin edilməsinə və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılmasına şərait yaradacaq. Həmçinin marşrutların nağdsız ödənişə keçidini təşviq etməklə gediş haqqının toplanması, xidmət haqqının ödənilməsi və daşıyıcıların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm yaranacağından sahənin “kölgə” iqtisadiyyatından çıxarılması mümkün olacaq. Əlavə olaraq sürücülərin iş və istirahəti Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin ediləcəyindən, nəqliyyat vasitələrinə keyfiyyətli texniki xidmətin göstərilməsi üçün şərait yaranacaq və yol hərəkəti təhlükəsizliyinə təhdid yaradan amillər minimuma enəcək, yol-nəqliyyat hadisələrinin sayının əhəmiyyətli dərəcədə azalması üçün zəmin yaranacaq. Dayanıqlı maliyyələşmə mexanizmi avtobus parkını davamlı şəkildə ekoloji cəhətdən təmiz avtobusların hesabına yeniləməyə şərait yaramaqla ətraf mühitin mühafizəsinə töhfə verəcək”,- deyə o qeyd edib.