ANKARADA HEYDƏR ƏLİYEV MƏRKƏZİ YARADILACAQDIR
Səfərdən əsas məqsədin Azərbaycanın bölgələri ilə tanışlıq olduğunu diqqətə çatdıran Akkan Suver bildirmişdir ki, bu istiqamətdə ilk səfəri Naxçıvan Muxtar Respublikasına etmişlər. Nümayəndə heyətinin rəhbəri demişdir ki, Naxçıvanda gördüklərimiz bizi çox sevindirdi. Orada aparılan tikinti-quruculuq işləri muxtar respublikanın gələcək inkişafından xəbər verir.
Oktyabrın 12-də Bakıda Prezident İlham Əliyevin onları qəbul etdiyini bildirən Akkan Suver, bu görüşdən məmnun qaldıqlarını demişdir.
Azərbaycanda Türkiyə Respublikasının qurucusu Atatürkə həsr olunmuş mərkəzin onlarda qürur hissi doğurduğunu vurğulayan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, Ankarada Heydər Əliyev Mərkəzi açmağı qərara aldıqlarını, bu təşəbbüsü Prezident İlham Əliyevin də yüksək qiymətləndirdiyini söyləmişdir.
Akkan Suver demişdir ki, bölgədə sabitliyin təmin olunmasında görkəmli dövlət xadimi Heydər Əliyevin xidmətləri böyükdür. Bu gün Azərbaycan xalqı Heydər Əliyev siyasətinin bəhrələrini görür. Bir neçə il bundan əvvəl Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan layihəsini irəli sürəndə buna inanan az adam tapılardı. Amma onun qətiyyəti sayəsində bu kəmər işə düşdü və indi Azərbaycan nefti Aralıq dənizindəki Ceyhan limanı vasitəsilə dünya bazarına çıxarılır.
Ötən ay Antalyada keçirilən Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının gələcəyi üçün yaxşı fikirlər irəli sürdüyünü diqqətə çatdıran A.Suver, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 2007-ci ildə keçiriləcək növbəti Avrasiya İqtisadi Zirvəsinin açılışında ölkəmizin başçısı İlham Əliyevin iştirak etməsini arzuladıqlarını demişdir.
Sonda Akkan Suver Fransa Milli Assambleyasında “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən edən qanunun qəbul edilməsindən təəssüfləndiyini bildirmiş, XX əsrin sonunda ermənilərin Qarabağda törətdikləri vandalizmə göz yumulmasını ikili standart adlandırmışdır. Biz Azərbaycan Respublikası Milli Məclisinin “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən edən qanunla bağlı Fransa Milli Assambleyasına müraciət göndərməsini yüksək qiymətləndirirk. Qanun təsdiq üçün Senata göndəriləcəkdir. Biz Senat üzvlərini düzgün qərar çıxarmağa çağırırıq.