Ankarada TDT-yə üzv ölkələrin ürək-damar cərrahiyyəsi üzrə birgə təlimləri keçirilir
İstanbul, 4 dekabr, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ürək-damar cərrahiyyəsi üzrə birgə təlim proqramı başlanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Qeyd edilib ki, proqramın Bilkənt şəhər xəstəxanasında baş tutan açılış mərasimində ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək TDT ölkələri arasında əməkdaşlığın güclənməsindən danışıb.
Səfir bu çərçivədə ölkələrimiz arasında səhiyyə sahəsi üzrə birgə fəaliyyətin genişlənməsinin əhəmiyyətini vurğulayaraq təlim proqramına uğurlar diləyib.
Qeyd edək ki, türkdilli dövlətlərin tanınmış ürək cərrahlarının qatıldığı proqramda Mərkəzi Klinik Xəstəxananın baş həkimi professor Kamran Musayev də iştirak edir.
Proqramda ürək-damar cərrahiyyəsi ilə bağlı təcrübə mübadiləsi və bu sahədə əməkdaşlığın artırılması imkanlarının müzakirəsi nəzərdə tutulur.