ARDNŞ-in ekologiya idarəsində Beynəlxalq İdarəetmə Sistemləri üzrə üçüncü tərəf auditi keçirilib
Bakı, 7 yanvar, AZƏRTAC
İdarəetmə sistemlərinin standartlara uyğunluğunu yoxlamaq, bu sahədə görülən işləri qiymətləndirmək və çatışmazlıqların aşkar edilərək aradan qaldırılmasını təmin etmək, sertifikatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2014-cü ilin dekabrında Türk Standartları İnstitutunun (TSE) nümayəndələri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsində İSO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, İSO 14001 “Ekologiya İdarəetmə Sistemi”, OHSAS 18001 “Əməyin Mühafizəsi və Təhlükəsizlik Beynəlxalq İdarəetmə sistemləri” üzrə üçüncü tərəf auditi keçirilib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, auditorlar idarədə sənədlərlə tanış olub, həmçinin ekoloji monitorinq departamentində, kompleks tədqiqat laboratoriyasında, ekoloji ölçmə və tullantıların idarə olunması departamentində, ekoloji ölçmə məntəqələrində, Eko-parkda, gigiyena və epidemiologiya mərkəzində yoxlamalar aparıblar. Auditin yekunu olaraq keçirilən müşavirədə bildirilib ki, idarəetmə sistemləri ilə əlaqədar görülmüş işlər standartların tələblərinə uyğun aparılıb, sənədləşmə işləri və yerlərdə istehsalat prosesi prosedurlara uyğun qurulub. Türk Standartları İnstitutunun nümayəndələri tərəfindən auditin nəticəsi qənaətbəxş hesab edilib, aşkar olunan nöqsanların aradan qaldırılması üçün bir sıra tövsiyələr verilib.