Argentina mətbuatı Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi haqqında yazır
Bakı, 30 aprel (AZƏRTAC). Argentinanın turizm üzrə ixtisaslaşan kütləvi informasiya vasitələri aprelin 3-5-də Bakıda keçirilmiş 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (AITF 2014) ilə bağlı məqalələr yaymışdır.
Azərbaycanın Argentinadakı səfirliyindən verilən məlumata görə, məqalələrdə “AITF 2014” sərgisinin Xəzər bölgəsində turizm sənayesi üzrə ən böyük tədbir olduğu, sərgidə çoxsaylı şirkətlərin, Azərbaycanın müxtəlif bölgələrinin, habelə bir sıra ölkələrin öz milli pavilyonları ilə iştirak etdiyi bildirilir.
Həmçinin məqalələrdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tərkib hissəsi kimi ölkəmizdə turizm sənayesinin inkişafında əldə edilmiş nailiyyətlər, “AITF 2014” sərgisi keçirilən zaman şəhər turları üzrə ixtisaslaşmış məşhur “City Sightseeing” transmilli şirkətinin Bakıda fəaliyyətə başlaması, ölkəyə gələn xarici turistlərin sayının getdikcə artması, 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının, 2016-cı ildə isə Formula-1 yarışlarının keçiriləcəyi, bununla da Azərbaycana beynəlxalq turizmin diqqətinin daha da artacağı qeyd olunur.
Argentina KİV-də bu il ilk dəfə olaraq Turizmin Təşviqi üzrə Milli İnstitut (INPROTUR) vasitəsilə Argentina Turizm Nazirliyinin də “AITF 2014”də iştirak etdiyi, sərgi çərçivəsində bu ölkənin turizm sektoruna dair seminarın və tanqo şounun təşkil olunduğu qeyd edilir.
Məqalələrin mətnlərini aşağıdakı linklərdən oxumaq olar:
http://www.pagina12.com.ar/diario/suplementos/turismo/10-2814-2014-04-27.html
http://www.argentina.travel/es/press/promocion-argentina-en-azerbaiyan/694#.U1_BKPldWzk