Arzusundan dönmədi, ikinci cəhddə Dövlət Proqramının qalibi oldu
Bakı, 1 sentyabr, AZƏRTAC
Bəzən insanın qarşısına çıxan ilk “yox” cavabı hekayənin sonu deyil, daha böyük bir uğura aparan yolun başlanğıcı olur. Günay Əliyevanın xaricdə təhsil hekayəsi də bunun nümunəsidir. Dövlət Proqramına ilk müraciətində qəbul ola bilməyən Günay bu nəticəni məqsədindən dönmək üçün səbəb kimi deyil, növbəti cəhdə daha hazırlıqlı qayıtmaq üçün bir fürsət kimi dəyərləndirib. İkinci müraciətində isə arzusuna çataraq Dövlət Proqramının qalibi olub. İyirmi üç yaşlı Günay Əliyeva aqrar sahə üzrə mühəndisidir. Bakalavr təhsilini Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində tarla bitkiləri ixtisası üzrə tamamlayıb. Hazırda Ege Universitetində Tarla bitkiləri kafedrasının bitki seleksiyası və genetikası istiqaməti üzrə magistratura təhsilinin ikinci kursunda davam edir.
Dövlət Proqramının qalibi Günay Əliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, magistratura təhsilini davam etdirmək qərarına gəldikdə Dövlət Proqramının təqdim etdiyi imkanlardan faydalanmaq onun üçün ən doğru seçimlərdən biri olub. Çünki proqram yalnız xaricdə təhsil almağa maddi dəstək göstərən layihə deyil, eyni zamanda, Azərbaycan gənclərinə göstərilən böyük etimadın və ölkənin insan kapitalına verdiyi dəyərin göstəricisidir.

“Mənim üçün bu proqramın bir parçası olmaq həm böyük imkan, həm də məsuliyyətdir. Dövlətin mənə təhsil almağım, inkişaf etməyim və gələcəkdə qazandığım bilikləri ölkəmə gətirməyim üçün yaratdığı bu imkanı öz üzərimdə göstərilən bir etimad kimi qəbul edirəm. Magistratura təhsilimi davam etdirərkən təhsil və yaşayış xərclərinin ailəm üçün əlavə maliyyə yükü yaratmamasını istəyirdim. Bu baxımdan Dövlət Proqramı mənə həm maddi, həm də mənəvi cəhətdən böyük dəstəkdir. Dövlət Proqramına müraciət etmək mənim üçün sadəcə xaricdə təhsil almaq arzusu deyildi. Mən bu proqramın xaricdə təhsil alan Azərbaycan gənclərinin inkişafına verdiyi töhfənin bir parçası olmaq və gələcəkdə qazandığım bilikləri ölkəmin inkişafına yönəltmək istəyirdim. Mənim üçün Dövlət Proqramına gedən yol elə də asan olmadı. İlk müraciətimdə qəbul ola bilməmişdim. Bu, əlbəttə, mənim üçün müəyyən mənada məyusluq oldu. Amma bu nəticəni dayanmaq üçün səbəb kimi deyil, özümü daha da inkişaf etdirmək üçün bir fürsət kimi qəbul etdim.
Növbəti il yenidən müraciət etdim. Bu dəfə əvvəlki təcrübəmdən də yararlanaraq sənədlərimi, akademik fəaliyyətimi və məqsədlərimi daha sistemli şəkildə hazırladım. Nəticədə Dövlət Proqramına qəbul oldum.
Əsas məqsədim əldə etdiyim elmi və praktiki təcrübəni Azərbaycanda kənd təsərrüfatının inkişafına tətbiq etməkdir. Xüsusilə bitki seleksiyası, genetika və müasir toxumçuluq istiqamətində fəaliyyət göstərmək istəyirəm. İqlim dəyişikliklərinə, quraqlığa və müxtəlif xəstəliklərə daha davamlı, eyni zamanda, yüksək məhsuldarlığa malik sortların əldə olunması istiqamətində aparılan tədqiqatların ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını düşünürəm. Həmçinin ənənəvi üsullarla yanaşı, müasir molekulyar və biotexnoloji metodların tətbiqinin genişləndirilməsini, müasir laboratoriya təcrübələrinin Azərbaycanda inkişaf etdirilməsini istəyirəm”.
Günayın hekayəsini fərqləndirən əsas məqamlardan biri qarşısına çıxan çətinliklərə baxmayaraq, təhsil və karyera məqsədlərindən geri çəkilməməsidir. O, bütün bu prosesin ona daha məqsədli və daha güclü olmağı öyrətdiyini vurğulayır: “Mən həm təhsilimi davam etdirirəm, həm də karyeramı qurmağa çalışıram. Bütün bunlara baxmayaraq, heç vaxt arzularımdan və məqsədlərimdən dönməmişəm. Çünki düşünürəm ki, insanın qarşısına çıxan çətinliklər onun arzularından imtina etməsi üçün səbəb olmamalıdır. Əksinə, bəzən qarşılaşdığımız maneələr bizi daha güclü və daha məqsədli olmağa sövq edir. Bəzən yolunuz başqalarından daha çətin ola bilər, amma bu, sizin sona çata bilməyəcəyiniz demək deyil. Özünüzə inanın, öz yolunuzu seçin və başqalarının sizin haqqınızda yazdığı hekayə ilə kifayətlənməyin. Öz hekayənizin müəllifi də, qəhrəmanı da siz olun. Çünki həyatınızı dəyişdirəcək və gözəlləşdirəcək insan ilk növbədə özünüzsünüz”.
Müxbir - Nərmin Muradzadə