ASİYA İNKİŞAF BANKI MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN MƏNZİL TİKİNTİSİNƏ QRANT AYIRMIŞDIR
Oktyabrın 22-də Nazirlər Kabinetində Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında ölkəmizə 2,5 milyon dollar məbləğində qrant ayrılması haqqında sənədlərin imzalanma mərasimi olmuşdur. Bu layihəni Yaponiyanın “Yoxsulluğun azaldılması” fondu maliyyələşdirilir.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov imzalanma mərasimdə çıxış edərək dedi ki, bu vəsaitə Mingəçevirdə məktəblərdə, uşaq bağçalarında, mehmanxanalarda və avarçəkmə bazasında müvəqqəti yerləşdirilmiş 412 məcburi köçkün ailəsi üçün evlər tikmək nəzərdə tutulmuşdur. İndi bu şəhərdə 20 minədək məcburi köçkün var. Bu, Asiya İnkişaf Bankının Azərbaycanda fəaliyyət göstərdiyi iki ildə həyata keçirdiyi ilk layihədir.
Əli Həsənov bildirdi ki, ölkə hökuməti gələcək qəsəbənin infrastrukturunun yaradılmasını öz öhdəsinə götürmüşdür. O, həmin vəsaitin verilməsinə və məcburi köçkünlərə yardıma görə Yaponiya hökumətinə minnətdarlıq etdi.
Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara xatırlatdı ki, ötən 9 ildə onun ölkəsi məcburi köçkünlərə 3,5 milyon ABŞ dollarından artıq humanitar yardım göstərmişdir. Asiya İnkişaf Bankının Şərqi və Mərkəzi Asiya Departamentinin direktoru Məhəmməd Tusneyem ümidvar olduğunu söylədi ki, bu layihənin gerçəkləşdirilməsi məcburi köçkünlərin bir qisminin həyat şəraitini yaxşılaşdırmağa imkan verəcəkdir.
Sonda sənədlər imzalandı.