ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda məktəblilər üçün “Açıq qapı” günü
![](/files/galleryphoto/2023/3/1200x630/17029088003542329618_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029088004582916901_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029088002752256188_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029088005813341359_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029088002410029421_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu “Heydər Əliyev İli” çərçivəsində məktəblilər üçün “Açıq qapı” elan edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə qəbul edilən tədbirlər planına uyğun olaraq paytaxtın 264 nömrəli məktəb-liseyinin 9-cu sinif şagirdləri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.
Məktəblilərlə görüşdə institutun icraçı direktoru kimya elmlər doktoru Əfsun Sucayev istedadlı şagirdlərin fiziki-kimyəvi proseslərlə əyani tanış olmasının əhəmiyyətindən danışıb.
Əfsun Sucayev Aşqarlar Kimyası İnstitutunun yaranma tarixi, fəaliyyət istiqamətləri, fundamental tədqiqatları, institutda çalışmış və iz qoymuş görkəmli kimyaçı alimlər - akademik Əli Quliyev və akademik İzzət Orucova haqqında məlumat verib. O, institutun laboratoriyalarında aparılan təcrübələrin şagirdlər üçün maraqlı olacağını söyləyib, şagirdlərin suallarını cavablandırıb.
Sonra şagirdlər “Fizioloji fəal üzvi birləşmələr”, “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi”, “Sürtkü kompozisiyaları”, “Mühafizəedici üzvi birləşmələr”, “Müxtəlif funksiyalı polimer birləşmələr” və digər laboratoriyalara baş çəkərək orada aparılan elmi tədqiqatlarla, müasir fiziki-kimyəvi cihazların iş prinsipləri ilə yaxından tanış olublar, bəzi təcrübələri yaxından izləyiblər.