Assosiasiya prezidenti: Gürcüstan dünyanın turizm xəritəsində qırmızı zonada qalır
Tbilisi, 11 mart, AZƏRTAC
Gürcüstan dünyanın turizm xəritəsində qırmızı zonada qalır. Bu da, əsasən, ölkədə koronavirusa qarşı peyvəndin başlamaması ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata Gürcüstanın Mehmanxana və Restoranlar Assosiasiyasının prezidenti Şalva Alaverdaşvili məlumat verib.
Onun sözlərinə görə, ölkədə biznesin və əhalinin rifah halının yaxşılaşması üçün real heç bir iş görülməyib. Xarici turistlər üçün hava dəhlizinin açılması ölkə iqtisadiyyatının və turizmin inkişafı üçün yetərli deyil.
Alaverdaşvili deyib ki, turistlərin Gürcüstana marağı azalıb. Yaxın vaxtlar üçün otel və mehmanxanalarda qabaqcadan sifarişlə tutulan nömrələr demək olar ki, yoxdur. Bu gün yalnız keçmiş postsovet ölkələrində bir neçə təsdiq edilməmiş sifarişlər var. Avropa ölkələrinin hökumətləri isə öz vətəndaşlarını koronavirusa qarşı peyvəndin başlamadığı ölkələrə getməmək barədə xəbərdarlıq edirlər.
Bildirilib ki, son 3 həftə ərzində yaxın qonşu ölkələrin vətəndaşları Gürcüstan ilə maraqlanıblar. Lakin Gürcüstanda koronavirusa qarşı peyvəndləmənin başlamadığını bilən kimi, onlar da səfərdən imtina edirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi