Astanada “Astana Finance Days 2026” beynəlxalq maliyyə forumu keçirilir
Astana, 9 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtında IX “Astana Finance Days 2026: Delivering Impact. Capital in Action” beynəlxalq maliyyə forumu keçirilir. Forum investorları, maliyyə və texnologiya sektorlarının, tənzimləyici qurumların, dövlət institutlarının, eləcə də beynəlxalq biznes dairələrinin nümayəndələrini bir araya gətirir. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) forumun rəsmi media tərəfdaşıdır.
AZƏRTAC “Astana” Beynəlxalq Maliyyə Mərkəzinə (AIFC) istinadla xəbər verir ki, 2026-cı ildə forumun dünyanın 80-dən çox ölkəsindən 5 min 500-dən artıq iştirakçını bir araya gətirəcəyi gözlənilir. AFD 2026-nın spikerləri arasında dövlət sektorunun, milli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, qlobal investisiya və aktivlərin idarə edilməsi şirkətlərinin nümayəndələri yer alır.
Kapital uğrunda qlobal rəqabətin gücləndiyi bir şəraitdə investorların, tənzimləyici qurumların və maliyyə sənayesinin liderlərinin bir araya gəldiyi platformalar strateji qərarların qəbul olunduğu mühüm məkanlara çevrilir.
2018-ci ildə təsis edildiyi vaxtdan “Astana Finance Days” Avrasiya regionunun əsas maliyyə forumlarından biri kimi mövqeyini möhkəmləndirib, kapital bazarlarının inkişafına və Qazaxıstanda yeni biznes imkanlarının formalaşmasına töhfə verib. Forum iştirakçıları hər il tədbirin praktiki əhəmiyyətini xüsusi vurğulayırlar: bu platforma layihələrə, sövdələşmələrə və uzunmüddətli strateji tərəfdaşlıqlara çevrilən əməkdaşlığın qurulmasına imkan yaradır. Biznes yeni tərəfdaşlar tapır, maliyyə gündəliyindəki məsələlər üzrə həll yolları müəyyənləşdirilir, iştirakçıların sayı isə ildən-ilə artır.
AFD 2026 praktiki həllərin hazırlanmasına yönəlmiş dərin müzakirələr formatında keçirilir. Forum iştirakçıları qlobal tendensiyaları təhlil etmək, yeni biznes və investisiya istiqamətlərini müəyyənləşdirmək, maliyyə xidmətləri üzrə ixtisaslaşmış sərgini ziyarət etmək, həmçinin investorlar, top-menecerlər və sahə liderləri ilə işgüzar əlaqələr qurmaq imkanı əldə edirlər.
AFD 2026-nın əsas mövzuları sırasında kapital bazarları və investisiya məhsulları; etimad infrastrukturu - tənzimləmə, hüquqi mühit və bazarların dayanıqlılığı; institusional miqyaslı innovasiyalar; real sektorun maliyyələşdirilməsi; eləcə də kapital bazarlarında regional və transsərhəd əməkdaşlıq yer alır.
Forumda “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin ekosisteminin imkan və üstünlüklərinə də xüsusi diqqət yetirilir. Mərkəzin yurisdiksiyasında biznesin inkişafına dair nümunələr - şirkətlərin böyüməsindən kapitalın uğurla cəlb edilməsinə və beynəlxalq bazarlara çıxışadək müxtəlif təcrübələr təqdim olunur.
Forumun digər mühüm platforması AFD Exhibition sərgisidir. Bu platforma maliyyə institutlarını, bankları, investisiya və aktivlərin idarə edilməsi şirkətlərini, fintex və texnologiya layihələrini vahid məkanda bir araya gətirir. İştirakçılar burada öz həllərini, məhsullarını və fəaliyyətlərinin nəticələrini təqdim edirlər.
“Astana” Beynəlxalq Maliyyə Mərkəzi beynəlxalq standartlar əsasında biznes fəaliyyəti göstərmək, investisiyaları cəlb etmək və yeni məhsul və xidmətlərin tətbiqi hesabına ölkənin maliyyə bazarını inkişaf etdirmək üçün ekosistemdir.