Mingəçevirdə Azərbaycan-Gürcüstan gənclərinin III beynəlxalq düşərgəsi başlayıb
Mingəçevir, 8 sentyabr, AZƏRTAC
Mingəçevirdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan gənclərinin III beynəlxalq düşərgəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, sentyabrın 14-dək davam edəcək düşərgədə Azərbaycandan və Gürcüstandan olan 120 gənc iştirak edir. Məqsəd iki ölkə gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə-gənclərin təcrübə mübadiləsi imkanlarının artırılması, qeyri-formal təhsil metod və vasitələrindən istifadə etməklə gənclərin şəxsi inkişafına töhfə verilməsi, eləcə də beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Düşərgənin rəsmi açılışı Azərbaycanın və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun baş məsləhətçisi Azər Hüseynov və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək Azərbaycan-Gürcüstan gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, düşərgə proqramı çərçivəsində gənclərə könüllülük, icma həyatında iştirak, dayanıqlı inkişaf məqsədləri və dayanıqlı sahibkarlıq kimi mövzular üzrə təlim və interaktiv sessiyalar keçiriləcək. Bununla yanaşı, komanda işləri, idman yarışları və müxtəlif mədəni tədbirlər təşkil olunacaq.
Düşərgənin proqramında Azərbaycanın və Gürcüstanın mədəni irsinin qarşılıqlı tanıdılmasına xüsusi yer verilib. Bu məqsədlə milli mətbəx nümunələrinin hazırlanması, mədəniyyət gecəsi, təkrar emal olunmuş materiallardan moda nümayişi, komanda quruculuğu və digər fəaliyyətlərin keçirilməsi nəzərdə tutulub. Düşərgə iki ölkənin gənclərinin bir araya gəlməsinə, qarşılıqlı təcrübə mübadiləsi aparmasına, yeni dostluq və əməkdaşlıq əlaqələri qurmasına, eləcə də birgə təşəbbüslər üçün yeni imkanların formalaşmasına xidmət edir.
Tədbir bədii hissə ilə davam edib.
Müxbir – Vüsalə Cənnətova