Astanada təyyarə qəza enişi edib VİDEO
ASTANA, 27 Mart, AZƏRTAC
Martın 27-də Qazaxıstanın "Bek Air" Hava Yollarına məxsus təyyarəsi Astana hava limanında qəza enişi edib.
AZƏRTAC xəbər verir ki, "Qızılorda-Astana" istiqamətində hərəkət edən "Fokker-100" tipli təyyarə Astanaya cədvəl üzrə 09:45-də çatmalı idi. Təyyarənin ön şassisində problemin olduğu bildirilir.
Yanğın təhlükəsi ilə əlaqədar təyyarə 50 dəqiqə havada saxlanılıb. Bu vaxt ərzində isə təhlükənin qarşısını almaq üçün Astana aeroportunun uçuş-enmə zolağına yanğın əleyhinə köpük tökülüb. Təyyarə hava limanına 10:36-da eniş edib. 116 sərnişin və 5 ekipaj üzvü olan təyyarədə xəsarət alan olmayıb.
Hadisə ilə bağlı xüsusi komissiya yaradılıb.