Astarada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir
Astara, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də qanlı 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən mərasimdə azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri “Şəhidlər” abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzmüşlər. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasimdə çıxış edənlər 23 il əvvəl qanlı Yanvar günlərində qızıl qanları ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin xalqımız tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildirmiş, bu faciəyə siyasi və hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər.
Qeyd olunmuşdur ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən iki nəfəri də astaralı idi. Bunlar rayonun Balaca Şahağac kənd sakini, iki uşaq atası Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğludur.
Mərasimdə məktəblilər hərbi vətənpərvərlik mövzusunda şeirlər söyləmişlər.