ASTARADA SEÇİCİLƏR FƏALLIQ GÖSTƏRİRLƏR
Axşam saatlarından başlayaraq rayona yağan yağış ara verməsə də adamlar axın-axın seçki məntəqələrinə gəlir, yerli özünüidarəetmə orqanlarında onları təmsil edəcək namizədlərə səs verirdilər.
Astara şəhərindəki 1 saylı seçki məntəqəsində bunun bir daha şahidi olduq.
Səhər saat 08:00-da məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanov yerli müşahidəçilərin iştirakı ilə səsvermənin başlandığını elan etdi. Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında məntəqə komissiyasının üzvü qarşılayaraq əlində tutduğu ultrabənövşəyi fanarla onların sol baş barmağını yoxladıqdan sonra içəri buraxırdı.
Məntəqədə birinci səs verənlərdən biri, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyevin səsvermənin gedişi haqqında fikirlərini öyrəndik.
O bildirdi ki, bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilər demokratik, ədalətli və beynəlxalq standartlara uyğun şəkildə keçirilir. Hava şəraitinin pis olmasına baxmayaraq şəhər əhalisi seçkilərdə fəal iştirak edir. Biz inanırıq ki, yerli özünüidarəetmə orqanlarına yeni seçiləcək üzvlər rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcək, onlara göstərilən etimadı doğruldacaqlar.
Şəhər sakini Lətif Abıyev də söhbətimizə qoşuldu. O da səsvermənin gedişindən razı qaldığını ifadə edərək seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün yaradılan şəraitə görə ölkəmizin başçısına minnətdarlığını bildirdi.
Xatırladaq ki, Astara rayonunda fəaliyyət göstərən iki dairədə 11 bələdiyyə üzrə 13 boş qalmış yerə 44 namizədin adı bülletlənlərə daxil edilmişdir. Saat 12-də seçicilərin 8,5 faizi artıq səsvermədə iştirak etmişdir.
Cənub bölgəsinin digər rayonlarında da seçicilər seçkilərdə fəallıq və mütəşəkkillik nümayiş etdirmişlər.
LƏNKƏRAN. Rayonda fəaliyyət göstərən 4 dairədə 10 bələdiyyə üzrə boş qalmış 48 yerə 87 nəfərin adı bülletenlərə daxil edilmişdir. Saat 12-də səsvermədə 2277 nəfər iştirak etmişdir ki, bu seçicilərin 12 faizini təşkil edir.
MASALLI. Bu rayonda iki dairə üzrə 28 bələdiyyədə boş qalmış 90 yer uğrunda 190 namizəd mübarizə aparır. Saat 12-dək seçicilərin 20 faizi səsvermədə iştirak etmişdir.
LERİK. Rayonda fəaliyyət göstərən 1 dairədə 15 bələdiyyə üzrə boş qalmış 15 yer üçün 46 nəfər mübarizəyə qoşulmuşdur. Saat 12-də səsvermədə 962 nəfər iştirak etmişdir (12,7 faiz).
YARDIMLI. Rayonda bir dairədə 16 bələdiyyə üzrə boş qalmış 26 yerə 59 nəfər namizədin adı bülletenlərə daxil edilmişdir. Saat 12-də səsvermədə 6801 nəfər seçicidən 1078 nəfəri iştirak etmişdir (15,9 faiz).
CƏLİLABAD. Rayonda 3 dairədə 12 bələdiyyədə boş qalmış 51 yerə 128 namizədin adı bülletenlərə daxil edilmişdir. Saat 12-də seçicilərin 15 faizi səsvermədə iştirak etmişdir.