Astarada uşaq yay düşərgəsi təşkil edilib
Bakı, 26 iyul, AZƏRTAC
Bakıdakı uşaq bazar günü məktəblərinin şagirdləri və “Təmiz dünya” sığınacağının uşaqları üçün Azərbaycanın ən cənub bölgəsi olan Astarada ikigünlük uşaq yay düşərgəsi təşkil edilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki gün ərzində uşaqlar intellektual oyunlarda yarışıb, maliyyə bilikləri üzrə fond birjasının təhlili treninqində iştirak edib, həmçinin təsviri sənət ustad dərsinə qatılıblar.
Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Müqəddəs Arxangel məbədinin keşişi Mefodi Ata, VTB (Azərbaycan) bankının departament direktoru Yevgeni Borodin, bankın şöbə müdiri Kristina Danyalova uşaqlara xatirə hədiyyələri təqdim ediblər.
Artıq ənənəyə çevrilmiş bu layihə VTB Bankın (Azərbaycan) sponsor dəstəyi, Bakıdakı Rus evi, Bakı və Azərbaycan yeparxiyası, “GID CSR Consulting”in təşkilatçılığı ilə keçirilib.