ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ BAKIDAMƏTBUAT KONFRANSI KEÇİRMİŞLƏR
Bakıda keçirdikləri görüşlərin konstruktiv olduğunu vurğulayan həmsədrlər bildirmişlər ki, təxminən 5 aylıq fasilədən sonra regiona səfərlərindən məqsəd tərəflər arasında birbaşa danışıqların bərpa olunmasına dair məsləhətləşmələr aparmaqdır və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşümüz müsbət keçmişdir.
Bildirilmişdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyində keçirilən görüşdə nazirlərin oktyabrın sonunadək görüşünün təşkili müzakirə edilmiş və müəyyən razılıq əldə olunmuşdur. Yerevanda Ermənistanın xarici işlər naziri ilə danışıqlardan sonra bu görüşün yeri və vaxtı açıqlanacaqdır. Xarici işlər nazirlərinin görüşündən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən danışmaq olar.
Həmsədrlər Bakıda apardıqları məsləhətləşmələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların əsas prinsiplərinin də müzakirə olunduğunu bəyan etmişlər. Bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş açıq, mükəmməl ab-havada keçmişdir. Rambuye və Buxarest görüşlərindən sonra əsas prinsiplərdə razılığa doğru gedirik. Amma çətinliklər də qalmaqdadır.
Yeni təkliflərə gəlincə, həmsədrlər bildirmişlər ki, söhbət mayda təqdim edilən tamamlayıcı elementlərdən gedir. Bu, əsas sənədin bir hissəsidir.
GUAM ölkələri ərazisindəki dondurulmuş münaqişələrin BMT-nin Baş Məclisinin 61-ci sessiyasının gündəliyinə salınmasına münasibət bildirən amerikalı həmsədr Mətyu Brayzə demişdir ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həll olunması daha səmərəlidir. Amma həmsədrlərin fəaliyyətini gücləndirə biləcək hər hansı bir yardım faydalı ola bilər.
M.Brayzə demişdir ki, hazırda həmsədrlərin qarşısında duran əsas vəzifə sülhə nail olmaq istiqamətində səyləri gücləndirmək, tərəflər arasında dialoqu bərpa etməkdir.