Atlanta Olimpiadasının 30 illiyinə həsr olunmuş kitab işıq üzü görüb
Bakı, 30 iyul, AZƏRTAC
Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü ilə hazırlanan müstəqil Azərbaycanın Olimpiya Hərəkatında iştirakına və “Atlanta-1996” Yay Olimpiya Oyunlarının 30 illik yubileyinə həsr olunmuş kitab çapdan çıxıb.
MOK-dan AZƏRTAC-a verilən məlumata görə, "Atlanta Yay Olimpiya Oyunları-30 il" adlı kitab xüsusi olaraq Atlanta Olimpiadasına həsr olunub, nəşrdə geniş və təhlili məlumatlar verilib.
104 səhifədən ibarət olan kitabda Ümummilli Lider Heydər Əliyevin “Atlanta-1996” Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı imzaladığı Sərəncam, Olimpiadada iştirak edən nümayəndə heyətinin yolasalma, qarşılanma mərasimlərindəki çıxışları yer alıb.
"Atlanta Yay Olimpiya Oyunları-30 il" kitabında XXVI Yay Olimpiya Oyunları ilə bağlı geniş məlumatlar öz əksini tapıb. Bu Olimpiadada ölkəmizi təmsil edən 23 atletin göstərdiyi nəticələr də kitabın əsas hissəsini təşkil edir.
Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə hazırlanan bu nəşrdə milli komandanın heyətində yer alan şəxslərin müsahibələri və xatirələri də geniş oxucu marağına səbəb olacaq. “Atlanta-1996” Yay Olimpiya Oyunları zamanı eksklüziv fotoların da bəziləri kitaba daxil edilib.
Müstəqil Azərbaycanın Olimpiya Hərəkatındakı ilk qızıl səhifəsi sayılan Atlanta Olimpiadasından bəhs edən bu nəşr ölkəmizin idman tarixi sahəsində xüsusi əhəmiyyət kəsb edir.