Atletika üzrə ölkə birinciliyinə yekun vurulub
Bakı, 13 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Fevralın 13-də Respublika Olimpiya Mərkəzində (Manej) atletika idman növü üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışda 1997-1998 və 1999-2000-ci il təvəllüdlü idmançılar iştirak ediblər. Yarışın ikinci günündə 150 atlet birincilik uğrunda mübarizə aparıb.
1997-1998-ci il təvəllüdlü oğlanların yarışında İlham İksanov 200 və Andrey Aromoviç 800 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıblar. Uzunluğa tullanma yarışlarında isə Əlisürət Məmmədov birinci olub. Qızların 200 metr məsafəyə qaçış yarışlarında Aysel Rəhimli fərqlənib. Aynur Əsgərova isə 800 metr məsafəyə qaçış yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
1999-2000-ci il təvəllüdlü oğlanların yarışında Ramiz Məlikov 200, Samir Nəbizadə 300, Heydər Yaqubov isə 800 metr məsafəyə qaçış yarışlarında birinci olublar. Uzunluğa tullanma yarışlarında Rüstəm Şükürov qızıl medal qazanıb. Qızların mübarizəsində Yelena Pextireva 200, Aynur Əsədzadə isə 800 metr məsafəyə qaçış yarışlarında fərqləniblər. Fəxriyyə Tağızadə uzunluğa tullanma yarışlarında bütün rəqiblərindən üstün olub.