ATMU-nun tələbələri Mikrobiologiya İnstitutunda elmi-tədqiqat işləri ilə tanış olublar
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin Sosial menecment fakültəsinin qida mühəndisliyi ixtisasının II kurs tələbələri Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov tələbələrə elmi müəssisənin əsas fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verib. Sonra tələbələr institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Laboratoriya rəhbərləri tələbələrə burada aparılan elmi-tədqiqat işləri barədə məlumat verib, bəzi eksperimentləri əyani şəkildə onlara göstəriblər.
Daha sonra institut əməkdaşları tələbələri laboratoriyalardakı avadanlıqların işləmə qaydaları ilə tanış ediblər.