REGİONLAR
ATU-da inzibati rəhbər heyəti təlimlərə cəlb edilib
Gəncə, 10 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (ATU) “Elm, Təhsil, Sənaye üçbucağı: Mövcud problemlər və onların həlli yolları” mövzusunda təlim keçirilib. Təlimdə universitetin inzibati rəhbər heyəti iştirak edib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təlimçi qismində Türkiyə (Dokuz Eylül Universiteti), İtaliya (Berqamo Universiteti), Estoniya (Diplomatiya Məktəbi) və digər Avropa ölkələrində təhsilini başa vuraraq elmi dərəcə almış, hazırda İsveç Müdafiə Universitetində və Cenevrə Ali İnstitutunda akademik karyerasını davam etdirən Eşqin Tanrıverdi çıxış edib.
Təlimçi məruzəsində elm, təhsil, sənaye üçbucağının problemləri və həlli yollarından, elmin yeni texnologiyaların inkişafına verdiyi töhfələrdən, elmi tədqiqat istiqamətləri və metodlarından, problemlərin həlli yollarının axtarışından, ali təhsil sisteminin akademik dərəcədə rolundan danışıb.
Seminarın sonunda mövcud problemlərdən danışılıb, xüsusilə təhsil və əmək bazarı arasında olan natarazlığın aradan qaldırılması yollarının təhlili aparılıb, müdavimlərin sualları cavablandırılıb.