Auditorlar Palatasının nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
Bakı, 22 avqust, AZƏRTAC
Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov və “Azəruçot” MMC-nin direktoru Eldar Təhməzov Qırğızıstan Respublikasının Çolpan-Ata şəhərində “Beynəlxalq Audit və Maliyyə Hesabatları Standartlarının tətbiqi”nə həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov “Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqi dayanıqlı iqtisadi inkişafın mühüm amili kimi”, “Azəruçot” MMC-nin direktoru Eldar Təhməzov “Azərbaycanda Beynəlxalq Maliyyə Hesabatı Standartlarının tətbiqi təcrübəsi” mövzularında təqdimatla çıxış ediblər.
Konfransda Azərbaycan ilə yanaşı, Rusiya, Özbəkistan, Gürcüstan, Qırğızıstan və Özbəkistanın auditor və mühasibat təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbir zamanı iştirakçılarla ölkələrimizdə auditin mövcud problemləri, onların həlli yolları, auditor peşəsinin inkişafı və kadr hazırlığı sahəsində təcrübə mübadiləsi və bu sahələrdə əməkdaşlıq istiqaməti üzrə ətraflı müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Daha sonra iştirakçılara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə iqtisadi islahatların aparılması, kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər, habelə dövlətimizin başçısının müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat verilib.
Tədbirin sonunda Palatanın nümayəndələrinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.