AVRATLANTİKA STRUKTURLARINA İNTEQRASİYA AZƏRBAYCANIN XARİCİ SİYASƏT KURSUNDA MÜHÜM YER TUTUR
Komitənin sədri, nümayəndə heyətinin rəhbəri Vahid Ərdəm NATO parlamentarilərinin səfəri çərçivəsində keçirilmiş və keçiriləcək görüşlərə dair ətraflı məlumat vermişdir. O, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda təhlükəsizliyin təmin edilməsi məsələlərinin hər iki tərəf üçün maraqlı məsələ olduğunu vurğulamışdır. V.Ərdəm Azərbaycanın Avropaya inteqrasiya sahəsində atdığı addımları yüksək qiymətləndirərək, ölkəmizlə qarşılıqlı əməkdaşlığın vacib əhəmiyyət daşıdığını söyləmişdir.
Nazir E.Məmmədyarov Azərbaycanın Avropa və Avratlantika strukturlarına inteqrasiyası məsələsinin ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən biri olduğunu bildirmiş, əlaqələrin bu yöndə inkişafının dövlətimizin milli maraqlarına xidmət etdiyini vurğulamışdır.
Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafından söz açan nazir E.Məmmədyarov, respublikamızın səyləri ilə həyata keçirilən irimiqyaslı iqtisadi layihələrin coğrafiyasının daha da genişləndirilməsinin region ölkələri üçün həyati əhəmiyyət daşıdığını söyləmişdir. Nazir demişdir ki, regionda daim təhlükə mənbəyi olan dondurulmuş münaqişələr burada davamlı təhlükəsizliyin təmin edilməsinə ciddi əngəllər törədir.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə toxunan nazir E.Məmmədyarov, Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinin nəticələri haqqında qonaqlara ətraflı məlumat vermişdir. Nazir münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın Konstitusiyası və ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.