AVROPA BİRLİYİNİN AVROPA QONŞULUQ SİYASƏTİÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN ÜZRƏ FƏALİYYƏT PLANINA DAİR DANIŞIQLAR BAŞA ÇATMIŞDIR
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir ki, Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan üzrə Fəaliyyət Planına dair danışıqlar artıq başa çatmışdır. Noyabrın 14-də Brüsseldə Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasında sənəd qəbul olunacaqdır.
Avropa Birliyi “Üçlüyü”nün nümayəndə heyəti ilə görüşdə bu sənədin istiqamətlərinə də toxunduqlarını diqqətə çatdıran Elmar Məmmədyarov qeyd etmişdir ki, Fəaliyyət Planının köməyi ilə Azərbaycan-Avropa Birliyi münasibətləri daha da genişlənəcəkdir.
Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ötən ilin noyabrında müzakirəsinə başlanılan sənədin Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığı genişləndirəcəyini demişdir.
Avropa Komissiyasının xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero Valdner Azərbaycanın AB-yə inteqrasiyası yolunda bu sənədin əhəmiyyətini vurğulamışdır. O, təmsil etdiyi qurumun Azərbaycanda enerji sahəsində maraqları olduğunu diqqətə çatdırmışdır.
X X X
Elə həmin gün Avropa Birliyi “Üçlüyü”nün nümayəndə heyəti “Park İNN-Azərbaycan” mehmanxanasında Azərbaycana səfərin yekunlarına dair mətbuat konfransı keçirmişdir.
Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya demişdir ki, Cənubi Qafqaz ölkələrinə səfərdən məqsəd Avropa Qonşuluq Siyasəti üzrə hər üç ölkə ilə bağlı Fəaliyyət planları barəsində müzakirələri başa çatdırmaqdır. Beş il üçün nəzərdə tutulmuş Fəaliyyət Planı Avropa Birliyi–Azərbaycan münasibətlərinin əsasını təşkil edəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Tuomioya demişdir ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur və biz həmin qrupun fəaliyyətini dəstəkləyirik.