DÜNYA
Avstraliya müdafiə xərclərini artıracaq
Tokio, 1 iyul, AZƏRTAC
Avstraliyanın Baş Naziri Skott Morrison bəyan edib ki, hökumət qarşıdakı 10 il ərzində ölkənin müdafiə qüvvələrinin müasirləşdirilməsi üçün 270 milyard Avstraliya dolları (təqribən 186,6 milyard ABŞ dolları) məbləğində investisiya ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə o, iyulun 1-də Kanberradakı çıxışı zamanı bildirib. Baş Nazir əlavə edib ki, Avstraliya Hind-Sakit Okean regionunda təcavüzün qarşını almaq və ya buna cavab vermək üçün ABŞ-dan 800 milyon dollar dəyərində gəmi əleyhinə uzaq məsafəli raketlər alacaq.
“Hazırda COVID-19 pandemiyası dövrünü yaşamağımıza baxmayaraq, biz dünyanın virusdan sonrakı kasıb, təhlükəli və qaydalarsız dövrünə də hazırlaşmalıyıq”, - deyə Baş Nazir bildirib.
S.Morrison qeyd edib ki, Avstraliya öz silahlı qüvvələrinə, əsasən də dəniz donanmasına daha 800 nəfərlik heyət əlavə edəcək.
Bu yaxınlarda Hindistanla Çin arasında sərhəddə baş verən gərginliyə diqqət çəkən Baş Nazir ölkəsinin yeni müdafiə siyasətində “strateji rəqabətin artan episentri” adlandırdığı Hind-Sakit Okean regionunda təhlükəsizliyə önəm verildiyini də vurğulayıb.
“Biz Hind-Sakit Okean regionunun açıq, suveren, zorakılıqdan və hegemonluqdan azad zona olmasını istəyirik. Biz istəyirik ki, həm kiçik, həm də böyük ölkələr bir-biri ilə beynəlxalq qaydalara və normalara uyğun şəkildə azad qarşılıqlı fəaliyyət göstərsinlər”, - deyə S.Morrison bildirib.
Baş Nazir Avstraliya-Çin münasibətlərinə toxunmasa da, bəyanat iki ölkə arasında artmaqda davam edən gərginlik fonunda səslənib.
Bu həftə Avstraliyada hökumət və özəl sektorun bütün səviyyələrinə yönəlmiş kiberhücumla əlaqədar təhlükəsizliyi təmin etmək üçün rekord miqdarda investisiya ayrıldığı elan olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio