Avstraliya sahillərində İkinci Dünya müharibəsi zamanı batırılmış aviadaşıyıcı gəminin qalıqları tapılıb
Tokio, 6 mart, AZƏRTAC
Avstraliya sahillərində İkinci Dünya müharibəsi zamanı batırılmış “Lexington” aviadaşıyıcı gəmisinin qalıqları tapılıb.
AZƏRTAC xəbər verir ki, ABŞ-a məxsus həmin gəminin tapılması barədə məlumat “Microsoft Corp” şirkətinin yaradıcılarından biri, milyarder Pol Allenin “Twitter” səhifəsində yerləşdirilib.
Məlumatda deyilir: “Biz “USS Lexington” gəmisini o batdıqdan 76 il sonra aşkar etdik. “RV Petrel” axtarış gəmisi aviadaşıyıcını və İkinci Dünya müharibəsi dövrünə məxsus təyyarələri Avstraliyanın yaxınlığında, Koral dənizində 3 min metrdən çox dərinlikdə tapdıq”.
P.Allenin ekspedisiya qrupu gəminin qalıqlarını martın 4-də aşkar edib. Komandanı tapıntı münasibətilə təbrik edən admiral Qarri Harrison deyib: “Lexington”dan xilas edilən birinin oğlu olaraq mən Pol Alleni və ekspedisiya komandasını 76 il bundan əvvəl batmış “Lady Lex” gəmisini tapmaları münasibətilə təbrik edirəm”.
Aviadaşıyıcının 1942-ci il mayın 8-də Koral dənizində yapon aviasiyasının hücumu zamanı göyərtəyə iki torpedonun dəyməsi və iki birbaşa bombanın düşməsi nəticəsində ciddi zədələndiyi bildirilir. Həmin zədələr yanacağın sızmasına səbəb olub, nəticədə gəmidə yanğın və silsilə partlayışlar baş verib. Bundan sonra gəminin 2735 nəfər heyət üzvü müşayiətçi gəmilərə təxliyə edilib və gəmi batırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio