AYRI OLSAQ DA, BİR YERDƏYİK
Burada azərbaycanlılar müxtəlif-elm, təhsil, tibb, ticarət, nəqliyyat, tikinti sahələrində çalışmaqla yanaşı, vilayətin siyasi-mədəni həyatı ilə bağlı keçirilən tədbirlərdə də fəal iştirak edirlər. Sentyabrın axırında futbol üzrə vilayət turnirlərində azərbaycanlılardan ibarət milli komanda çempion adına layiq görülmüşdür.
Azərbaycanın müstəqilliyinin 15 illiyinə həsr olunmuş tədbir “Sülh və dostluq evi”ndə keçirilmişdir. Təntənəli tədbiri Ümumrusiya Azərbaycan Konqresinin Ural Dairə Şurasının sədri Şahin Şıxlinski və Sverdlovsk vilayətindəki “Azərbaycan” ictimai cəmiyyətinin sədri Niyaz Vəliyev açmışlar. Tədbirdə Orta Uralda yaşayan müxtəlif xalqların, vilayətin dövlət və hökumət orqanlarının nümayəndələri iştirak etmişlər.
Niyaz Vəliyev burada yaşayan azərbaycanlıların Uralı özləri üçün ikinci vətən hesab etdiklərini diqqətə çatdırmışdır.
Sverdlovsk Vilayət insan hüquqları müvəkkili Tatyana Merzlyakova azərbaycanlıları bayram münasibətilə təbrik etmiş, vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Viktor Koşkarov Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulamış, Rusiya Federasiyasının bu subyekti ilə Azərbaycan arasında əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırmışdır.
Müxtəlif tədbirlərdə Müstəqillik günü ilə əlaqədar deyilən səmimi sözlər, təbriklər, milli mətbəx, açılan bayram süfrələri barədə ətraflı yazmaq iqtidarında olmadıqlarını diqqətə çatdıran qəzetlər “Azərbaycan” sözünün etimologiyasına da toxunmuşlar. Qəzetlər yazır ki, bu sözün kökü “azər”dir, bu da od deməkdir. Bu od xalqın mədəniyyətində, varlığında hiss olunur. Həmin odu urallı azərbaycanlılar da qorumağa, yaşatmağa çalışırlar.