Azərbaycan aliminin məqaləsi Turizm Ensiklopediyasına daxil edilib
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərovun “Azərbaycan, turizm” sərlövhəli məqaləsi “Springer” beynəlxalq nəşriyyat şirkətinin indeksi ilə çap olunmuş Turizm Ensiklopediyasında yer alıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədqiqatçı Azərbaycan Respublikasının ərazisi, sərhədləri, əhalisi və rəsmi dilini qeyd etməklə yanaşı, zəngin tarixi və mədəni irsinə də nəzər yetirib, Qərb və Şərq sivilizasiyasının qovşağında yerləşməklə, xarakterik tolerantlıq və qonaqpərvərlik xüsusiyyətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, xidmət mədəniyyətinin yüksək olması turizm sənayesinin inkişafı üçün təkan verir. Bundan başqa, müəllif öz yazısında ölkənin əsrarəngiz təbiətindən - qoruqlar, milli parklar, mineral bulaqlar və zəngin florasından söhbət açıb.
Qeyd edək ki, Turizm Ensiklopediyasına 113 ölkədən 776 tədqiqatçının araşdırma nəticələri daxil edilib.
Məqalə ilə linkində tanış olmaq mümkündür.