AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN TƏŞƏBBÜSÜ İLƏ “KƏLBƏCƏR HƏSRƏTİ” MÖVZUSUNDA GECƏ KECİRİLMİŞDİR
Gecəni AAB-nin sədri Zümrüd Məmmədova açaraq, iştirakçıları salamlamış, bu qədim, şərəfli sənətin Azərbaycan xalqının ürəyində qorunub saxlanmasından və bu günə qədər yaşayıb daha da inkişaf etməsindən, Abbas Tufarqanlı, Xəstə Qasım, aşıq Alı, aşıq Ələsgərdən sonra, onların işini aşıq Mirzə, aşıq Şəmşir, aşıq Hüseyn Saraclı, aşıq Sadıx, aşıq Əmrah, aşıq Kamandar… kimi sənətkarların davam etdirdiklərindən söhbət açmış, müasir aşıqlarımızdan aşıq Ədalət, aşıq Hüseyn Sadaxlı, aşıq Altay, aşıq Əfqan, aşıq Elbrusun nəfəsində gələcək nəsillərə çatacağını əminliklə bildirmişdir.
Folklorşünas alim, filologiya elmləri doktoru Məhərrəm Qasımlı, “Azersun Holdinq” Şirkətlər Qrupunun vitse-prezidenti Səlahəddin Huh bu xeyirxah missiyanı alqışlamış, aşıq sənətinin inkişaf etdirilməsi üçün xalqın və ziyalıların birgə fəaliyyətinin vacibliyini vurğulamışlar.
Konsertdə kəlbəcərli aşıqlardan Əfqan, Elbrus, Qalib və İdris, aşıq Gəncəli, aşıq Əkbər, Pənah Göyçə və başqalarının ifaları hərarətli alqışlarla qarşılanmışdır.
Yeniyetmə aşıqlardan ibarət “Zümrüd” sazçı qızlar və aşıq Azər Xanlar oğlu öz ifaları ilə tamaşaçıların qəlblərini ovsunlamışdır.
Gənc şairələr Zərəngiz Dəmirçi Qayalının, Nazilə Səfərlinin məhəbbət və qəhrəmanlıq mövzularında oxuduqları şeirləri gecəni daha da rövnəqləndirmişdir.
Sonda AAB sədri Z.Məmmədova “Azersun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gozala Azərbaycan Mədəniyyətinə və Aşıqlar Birliyinə göstərdiyi qayğı və dəstəyə görə minnətdarlığını bildirmiş, ona rəmzi “Qılınc” mükafatını, şirkətin vitse-prezidenti Səlahəddin Huha isə AAB-nin fəxri fərmanını təqdim etmişdır.