Azərbaycan bayrağı Belçikada keçirilən bayram şənliklərində dalğalanmışdır
Bakı, 25 sentyabr (AZƏRTAC). Hər il ənənəvi olaraq Belçikanın Ham şəhərində keçirilən bayram şənliklərində ölkəmizi Azərbaycan-Belçika Dostluq Cəmiyyəti təmsil etmişdir.
Müxtəlif xalqların mədəniyyətlərinin tanıdıldığı şənliyə ilk dəfə olaraq Belçikada yaşayan uyğur türkləri də qatılmışlar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi Ham şəhər bələdiyyəsinin təşkil etdiyi mədəniyyət və əyləncə tədbirlərinə artıq dördüncü dəfə dəvət olunmasından məmnunluğunu bildirmişdir. Qeyd edilmişdir ki, bayram şənliyində ilk dəfə iştirak edən uyğur türkləri tədbirə xüsusi rəng qatmışlar.
Azərbaycanın bayrama dörd stendlə qatıldığını deyən Ayhan Dəmirçi diqqətə çatdırmışdır ki, mədəniyyətimizi, tariximizi təbliğ etmək, belçikalılara, eləcə də burada yaşayan əcnəbilərə ölkəmizi tanıtmaq üçün flamand dilində 2 min kitab paylanılmışdır.
Cəmiyyətin sədri Azərbaycanın, türk dünyası ölkələrinin bayraqlarının Ham şəhərində dalğalanmasına vəsilə olan, ölkəmizin tanıdılmasına şərait yaradan şəhər bələdiyyəsinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Tədbirdə Azərbaycan coğrafiyasını, təbiətini, tarixini, turizmini əks etdirən videolar da nümayiş olunmuş, CD, broşür və aksessuarlar paylanılmışdır. Şənlik iştirakçıları Azərbaycan mətbəxinin ləziz nümunələri - şirniyyat, dolma, plov kimi yeməkləri ilə tanış olmaq və dadmaq imkanı qazanmışlar.
Şənliyə qatılan hər kəs Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnunluğunu ifadə etmişdir.