İQTİSADİYYAT
Azərbaycan Çində keçirilən sərgidə “Fəxri qonaq ölkə” statusunda iştirak edir VİDEO
Pekin, 15 iyun, AZƏRTAC
Çinin Heyloncian vilayətinin paytaxtı olan Harbin şəhərində 31-ci beynəlxalq iqtisadiyyat və ticarət sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, Çin Beynəlxalq Ticarət Palatasının və Heyloncian vilayət hökumətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan “Fəxri qonaq ölkə” statusunda iştirak edir.
Pandemiya ilə əlaqədar Harbin şəhərində tətbiq edilən məhdudiyyətlərə görə builki sərgi onlayn formada keçirilir.
Açılış mərasimində Heyloncian vilayətinin qubernatoru Hu Çanşen, Çin Beynəlxalq Ticarət Palatasının vitse-prezidenti Can Şaoqan bu il 31-ci dəfə keçirilən Harbin beynəlxalq iqtisadiyyat və ticarət sərgisinin Çin ilə xarici ölkələr arasında iqtisadi-ticari əməkdaşlıqda vacib platformaya çevrildiyini bildiriblər.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı açılış mərasimində iki xalq arasında təmasların qədim İpək yolu dövründən təməlinin qoyulduğunu deyib. Ötən müddətdə əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq davamlı inkişaf edib. Dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadi müstəvidə əməkdaşlığının genişlənməsi üçün böyük imkanlar açıb.
Azərbaycanın Çinin Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşı olduğunu xatırladan səfir Ə.Zeynallı bildirib ki, COVID-19 pandemiyasının iqtisadi fəaliyyətlərə mənfi təsirlərinə baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələrdə fəallıq davam edir.
Diplomat Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün iştirakçı ölkələr üçün yeni imkanlar yaratdığını vurğulayıb. O, coğrafi mövqeyi, həyata keçirilən nəqliyyat və infrastruktur layihələri sayəsində regional nəqliyyat-tranzit qovşağına çevrilmiş Azərbaycanın “Bir kəmər, bir yol”un əhəmiyyətli ölkəsi olaraq Asiya və Avropa arasında tranzit yükdaşımalardakı vacib rolundan danışıb.
Səfir Azərbaycanın Çində keçirilən iri sərgilərdə, o cümlədən 2018-ci ildən bəri Şanxayda təşkil olunan illik beynəlxalq idxal sərgisində dövlət rəsmiləri, iş adamlarından ibarət geniş nümayəndə heyətləri ilə təmsil olunduğunu, ölkəmizin ixracyönümlü məhsullarının həmin sərgilərdə vahid ölkə stendində nümayiş etdirildiyini bildirib. Bundan başqa, Çinin müxtəlif şəhərlərində bir neçə “Azərbaycan Ticarət Evi”, “Azərbaycan Şərab Evi” fəaliyyət göstərir, yeni evlərin açılması istiqamətində iş aparılır.
Azərbaycanın Çinin müxtəlif regionları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində aparılan işlərdən danışan səfir Ə.Zeynallı qeyd edib ki, bu istiqamətdə bir neçə “qardaşlaşmış şəhər” sazişləri imzalanıb.
Bildirilib ki, görülən işlər Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında daha çox müsbət nəticələrin əldə olunacağına inam yaradıb.
İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə sərgidəki onlayn stendimizdə 22 şirkətin qida və içki sənayesinə aid məhsulları nümayiş etdirilir. Bununla yanaşı, stendimizdə ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialı, habelə xalçaçılıq mədəniyyətimiz nümayiş olunur. İyunun 19-dək davam edəcək sərginin “Fəxri qonaq ölkə”si kimi məhsullarımız təşkilatçılar tərəfindən müxtəlif onlayn platformalar vasitəsilə reklam ediləcək.
Qeyd edək ki, 1990-cı ildən keçirilən bu sərgi Heyloncian vilayətinin ən önəmli beynəlxalq sərgisi hesab edilir. İndiyədək Harbin sərgisində 110 ölkədən 270 mindən çox sahibkar iştirak edib. Budəfəki sərgidə isə 28 ölkədən və Çinin 25 bölgəsində 1740 şirkətin 6 min növ məhsulu nümayiş olunur.
Məlumat üçün bildirək ki, Heyloncian vilayəti Çinin şimal-şərqində Rusiya ilə sərhəddə yerləşir. Ərazisinə görə Çinin ən böyük altıncı əyaləti olan Heyloncianın 31 milyon 850 min nəfər əhalisi var. 2020-ci ildə vilayətin ÜDM-in dəyəri 198 milyard ABŞ dolları təşkil edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin