“AZƏRBAYCAN DEPUTATLARI RUSİYA DÖVLƏT DUMASINDA” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Milli Məclisin deputatlarının, ictimai təşkilatların nümayəndələrinin, respublikanın tanınmış ziyalılarının iştirak etdiyi mərasimi Respublika “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova açaraq məlumat vermişdir ki, Rusiya Dövlət Dumasının 100 illik yubileyinə həsr edilmiş kitab Milli Məclisin sifarişi ilə çap olunmuşdur. Təqdimat mərasimi Azərbaycanda Rusiya Federasiyası İli çərçivəsində keçirilir və “Rusiya parlamentarizminin 100 yaşı” fotosərgisinin açılışına təsadüf edir.
Sonra çıxış edən Dilarə xanım Seyidzadə kitabın mövzusundan, əsər üzərində iş prosesindən danışmış, Azərbaycan nümayəndələrinin Dumaya seçildiyi dövr haqqında məlumat vermişdir. Bildirmişdir ki, 1905-ci il dekabrın 11-də Rusiyada Dövlət Dumasına seçkilər haqqında yeni qanundan sonra Azərbaycan quberniyaları da Dövlət Dumasında təmsil olunmaq hüququ qazanmışdı. Məmmədtağı Əliyev, Əbdürrəhim bəy Haqverdiyev, İsmayıl xan Ziyadxanov, Əsədulla bəy Muradxanov, Əlimərdan bəy Topçubaşov Azərbaycandan I Dövlət Dumasına deputat seçilmişdilər.
Kitabda həm onların, həm də sonrakı üç çağırış Rusiya Dövlət Dumasının azərbaycanlı deputatlarının fəaliyyəti faktlarla işıqlandırılmış, onların çıxışları, müsəlman ucqarların deputatlarının səylərini birləşdirmək cəhdləri, Rusiya parlamentində baxılan qanun layihələrinə bəslədikləri ümidlər təhlil edilmişdir.
Müəllif xatırlatmışdır ki, kitabda I Dövlət Dumasının buraxılmasından, Ə.Topçubaşovun və İ.Ziyadxanovun yenidən bu orqana seçilmək hüququndan məhrum edilməsindən, II Dumaya seçkilərdən (yanvar-fevral 1907), deputat seçilmiş Fətəli xan Xoyski, İsmayıl Tağıyev, Məmmədağa Şahtaxtinski, Mustafa Mahmudov və Zeynal Zeynalovun fəaliyyətindən ətraflı söz açılır. 1907-ci ilin noyabrında açılmış III Dövlət Dumasında Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisini yalnız bir deputat - Xəlil bəy Xasməmmədov, 1912-ci ilin noyabrında açılmış IV Dumada isə 27 yaşlı Məmmədyusif Cəfərov təmsil etmişdir. Kitabda onların fəaliyyəti də geniş işıqlandırılmışdır.
Kitab müəllifi xüsusi vurğulamışdır ki, Azərbaycan deputatlarının Rusiya Dumasındakı fəaliyyətinin hərtərəfli təhlili Rusiya parlamentarizminin bərqərar olması və inkişafında Azərbaycan nümayəndələrinin rolunu izləməyə, XX əsrin əvvəllərində diyarın siyasi və intellektual potensialını aşkara çıxarmağa imkan verir.
Sonra tarix elmləri doktoru Tamilla Musayeva, “Roszarubejsentr”in əməkdaşı, filologiya elmləri doktoru Ənvər Şeyxov, Səməd Vurğunun ev-muzeyinin baş mühafizi Aybəniz Vəkilova və başqaları çıxış edərək, muzeyin nəcib təşəbbüsünü, təqdim olunan kitabı yüksək qiymətləndirmişlər.
Maraqlı söhbət çay süfrəsi arxasında davam etdirilmişdir.
Xatırladaq ki, “İndiqo” nəşriyyatında buraxılmış 304 səhifəlik, forzasında Rusiya Dumasının 11 azərbaycanlı deputatının adları yazılmış kitab 60x60 millimetr ölçüdədir. Kitabda onların hamısının portreti verilmişdir.