AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİNİN AÇILMASINA ETİRAZ EDİRLƏR
Bakı, 10 aprel (AZƏRTAC). Diaspor təşkilatlarından Türkiyə-Ermənistan sərhədlərinin açılması xəbərinə dair etirazlar gəlməkdə davam edir.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Ukrayna Azərbaycanlıları Konqresinin bu məsələ ilə bağlı yaydığı bəyanatda deyilir ki, əsrlərlə türk xalqına düşmən kəsilən, yüz minlərlə türkün qanını axıdan işğalçı Ermənistanla sərhədlərin açılması türk xalqının və türk dünyasının mənafelərinə xidmət etməyən addım ola bilər.
Ukraynadakı 500 minlik Azərbaycan diasporu adından ünvanlanan sənəddə UAK ümid edir ki, Türkiyə rəhbərliyi mövcud şəraiti düzgün qiymətləndirəcək, bu məsələyə həssaslıqla yanaşacaq və türk dünyasının maraqlarına uyğun addımlar atacaqdır.
İsveçdə fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyəti isə Türkiyənin bu ölkədəki səfirliyinə müraciət göndərmişdir. Müraciətdə deyilir: “Türkiyənin Ermənistanla sərhədlərini açacağına dair xəbərlər hər bir azərbaycanlı kimi bizi də narahat edir. Düşünürük ki, əsrlər boyu davam edən erməni yalanlarını və vəhşiliklərini dərindən bilən diplomat kimi siz də sərhədlərin açılmasına “yox” deyəcəksiniz”. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi də Türkiyə Prezidenti Abdullah Gülə müraciət ünvanlamışdır. Gürcüstandakı soydaşlarımızın fikrincə, Dağlıq Qarabağ probleminin həllini ümidlə gözlədiyimiz bir vaxtda sərhədlərin açılması məsələsinin ön plana keçməsi həqiqətən də narahatlıq doğurmaya bilməz. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Abdullah Gülə xitabı belədir: “Biz, Gürcüstanda yaşayan azərbaycanlılar inanırıq ki, bizə dost və qardaş olan Türkiyə Ermənistanla sərhədlərin açılması məsələsində daha diqqətli olacaq və Türk dünyasının maraqları çərçivəsində əvvəllər olduğu kimi Azərbaycanın mövqeyini dəstəkləyərək, Dağlıq Qarabağ münaqişəsinin həllini önə çəkəcək, onun ədalətli həlli üçün öz səylərini daha da artıracaqdır. Ümid edirik ki, Türkiyə Cümhuriyyəti bütövlükdə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına öz dəyərli töhfəsini verəcəkdir”.
Qazaxıstanda yaşayan azərbaycanlılar adından Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə “Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı” münasibət bildirmişdir. Təşkilatın Türkiyə Prezidenti Abdullah Gülə ünvanladığı bəyanatında bildirilir ki, erməni hərbi birləşmələrinin ötən əsrin 90-cı illərinin əvvələrində Azərbaycan torpaqlarını işğal etməsindən sonra Vətənimizin ərazi bütövlüyünün bərpasında həmişə qardaş Türkiyənin dəstəyinə güvənmişik. Türkiyə dövləti də həmişə bu məsələni öz xarici siyasətinin üstün istiqamətlərindən biri hesab edib.
Türkiyənin Ermənistanla sərhədlərini açacağı barədə xəbərlərdən təəssüf və narahatlıq keçirən soydaşlarımızın bəyanatında daha sonra deyilir: “Biz, Qazaxıstanda yaşayan azəri və türk birlikləri, icmaları inanırıq ki, Türkiyə dövləti öz prinsiplərinə sadiq qalacaq, Azərbaycanın maraqlarına zidd addım atmayacaq, Vətənimizin ərazi bütövlüyünün bərpasında bizə layiqli kömək göstərəcəkdir”.
Özbəkistanda yaşayan azərbaycanlılar da Türkiyə prezidentinə müraciət göndərimişlər. Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının Abdullah Gülə müraciətində deyilir: “Sizə və hakim Ədalət və İnkişaf Partiyasına bildiririk ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlmiş siyasətin qəti əleyhinəyik. Türk dünyasının ulu öndərləri Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Biz bir millət, iki dövlətik” prinsiplərinə xəyanət etməməliyik. Ümid edirik ki, Türkiyə prezidenti, baş naziri, millət vəkilləri və bütün ictimaiyyət tarixin bu önəmli mərhələsində də Azərbaycanın yanında olacaq və öz həmrəyliyini nümayiş etdirəcəklər”.