SİYASƏT
Azərbaycan diasporunun formalaşmasında ulu öndər Heydər Əliyevin böyük rolu var
Moskva, 13 may, AZƏRTAC
Moskvada “Azərbaycan diasporunun formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Azərbaycan İcması Evində təşkil etdiyi tədbirdə diasporumuzun fəalları, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.
ÜAK icraçı direktorunun müavini Samir Məmmədov tədbirdə çıxış edərək təkcə Rusiyada deyil, bütün dünyada Azərbaycan diasporunun formalaşmasında Heydər Əliyevin rolundan danışıb. Bildirib ki, məhz onun təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. “Bu, daha sıx birləşməyimiz və həmrəy olmağımız üçün xüsusi stimul yaradır”, - deyə o vurğulayıb. S.Məmmədov, həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycan-Rusiya dostluq münasibətlərinin formalaşmasına və inkişafına xüsusi önəm verirdi.
Sovet dövründə Azərbaycan Ali Sovetinin deputatı olmuş Yuri Korıtin bildirib ki, Heydər Əliyevin bütün parlaq həyatı xalqına, Azərbaycanın sürətli inkişafına xidmət nümunəsidir. O deyib: “Mənə həyat vəsiqəmi məhz Heydər Əliyev verib. Heydər Əliyev mənim gələcək taleyimdə mühüm rol oynayıb”.
ÜAK icraçı direktorunun müavini Rövşən Rəhimov qeyd edib ki, Ulyanovskda Nəriman Nərimanovun adına küçə salınması və abidə ucaldılması ümummilli lider Heydər Əliyevin xidmətləridir.
Konqresin Moskva bölməsinin icraçı direktoru Şamil Tağıyev bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda sabitliyə və tərəqqiyə nail olunmasında əvəzsiz rol oynayıb. Heydər Əliyev Azərbaycan xalqının rifahı və əmin-amanlıq şəraitində yaşamasını təmin etmiş müdrik və tanınmış ictimai xadimdir.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm də keçmiş SSRİ respublikalarının inkişafı üçün gördüyü işlərdən danışıb, Ulu Öndərin müasir Azərbaycanın memarı olduğunu vurğulayıblar.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva