AZƏRBAYCAN DİASPORUNUN TANINMIŞ XADİMİ SƏİD QURBANOVA
Hörmətli cənab Səid Qurbanov!
Sizi - Dağıstan azərbaycanlılarının görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, səadət və nəcib fəaliyyətinizdə uğurlar arzulayıram.
Sizin Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında qarşılıqlı əlaqələrin daimi inkişafındakı xidmətləriniz təqdirə layiqdir. Müxtəlif dövrlərdə Siz olduqca mötəbər qurumlara başçılıq edərək vətənpərvərlik ruhu və əzmkarlıq nümayiş etdirmisiniz. Yüksək təşkilatçılıq bacarığınız Dərbəndə rəhbərlik etdiyiniz dövrdə özünü xüsusilə büruzə vermişdir. Sizin müdrikliyiniz və böyük həyat təcrübəniz müxtəlif nəsillərin nümayəndələri tərəfindən dərin rəğbət və ehtiramla qarşılanmışdır. Azərbaycan diasporunun təşkilatlanmasında misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev həmişə fəaliyyətinizi və şəxsiyyətinizi yüksək dəyərləndirmişdir.
Sizin gərgin və məhsuldar əməyiniz lazımınca qiymətləndirilmiş və Siz bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali mükafatına - “Şöhrət” ordeninə layiq görülmüsünüz. Bununla yanaşı, sözsüz ki, Sizin ən böyük mükafatınız el ağsaqqalı kimi qazandığınız nüfuz və hörmətdir. Əminəm ki, Siz bundan sonra da özünüzə xas uzaqgörənliklə dünya azərbaycanlılarının həmrəyliyi işinə layiqli töhfələr verəcəksiniz.
Ən xoş arzularla,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2008-ci il.